Naydiçin millimizdən ayrılma səbəbi açıqlandı

Naydiçin millimizdən ayrılma səbəbi açıqlandı "Arkadi Naydiçin Azərbaycan yığmasındakı dövrünü uğurlu saymaq olar. Ancaq reallıq belədir ki, o, milliyə düşmür və Almaniya seçməsinə qayıtmaq istəyir"
Fərdi
11 Yanvar , 2021 12:52
Naydiçin millimizdən ayrılma səbəbi açıqlandı
Arkadi Naydiç

"Arkadi Naydiç 2015-ci ildə Azərbaycan millisinə qəbul edilib. Naydiç həmin vaxt dünyanın ən elitar şahmatçıları sırasında idi".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Almaniya şahmatçı Arkadi Naydiçin Azərbaycan yığmasından ayrılması barədə danışarkən deyib.

Federasiya rəsmisi şahmatda qeyri-rəsmi "2700-lər" klubu olduğunu xatırladıb: "Bu kluba reytinqi 2700-dən yuxarı olanlar daxil edilir. Azərbaycan şahmatı tarixində "2700-lər klubu"na ilk olaraq Teymur Rəcəbov, ardınca isə Vüqar Həşimov və Şəhriyar Məmmədyarov, Rauf Məmmədov daxil olub. Arkadi Naydiç də bir vaxtlar Azərbaycan yığmasının üzvü kimi bu sırada idi. "2800-lər" klubunun üzvləri isə lap azdır. Azərbaycandan ancaq Şəhriyar Məmmədyarov ora daxil olub. Vaxtilə FIDE reytinqində 2816 xalla ikinci olub. Hazırda reytinqin ilk "10-luğ"una və "2700-lər" klubuna Rəcəbov və Məmmədyarov daxildir".

Məmmədov hazırda Naydiçin həmin siyahıdan kənarda qalmasını uzun müddət şahmatdakı uğursuzluğu ilə əlaqələndirib: "Bizim onu hər zaman yığmaya daxil etməli olduğumuza dair heç bir öhdəliyimiz yox idi. Biz Naydiçə demişdik ki, azərbaycanlı şahmatçılar sırasına sən də daxil olmaqla, ilk "5-liy"ə düşə biləcəksənsə, milliyə cəlb olunacaq və müvafiq olaraq təqaüd alacaqsan. Bizdə qadın və kişilərdən ibarət yığma komandalar müəyyən təqaüd alırlar. Naydiç son iki ildə ilk "5-lik"dən aşağı düşdüyündən, təqaüdçülər siyahısına daxil olmadı və yığmadan kənarda qaldı".

Vitse-prezident 2019-cu il Avropa çempionatında Naydiçin iştirak etmədiyini xatırladıb: "Arkadi artıq yığma üzvlüyündən çıxmışdı. Özü çox gözəl insan və şahmatçıdır. Biz onunla əməkdaşlıqdan çox razıyıq. 2017-ci ildə Azərbaycan yığmasının Avropa çempionu olmasında onun da müəyyən rolu oldu. Yığmanın üzvləri kimi o da təltifetmə prosesindən kənarda qalmadı. Naydiçin Azərbaycan yığmasındakı dövrünü uğurlu saymaq olar. Ancaq reallıq belədir ki, o, milliyə düşmür və Almaniya seçməsinə qayıtmaq istəyir. Bu istəyini bildirdi və biz də mane olmadıq. Çünki əməkdaşlığımız həmişə yaxşı təəssüratlarla yadda qalıb".

Son xəbərlər

Orphus sistemi