Azərbaycan Şahmat Federasiyası Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək.
Bunu "Report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının fəaliyyətini dayandırmasına münasibət bildirərkən deyib.
"Naxçıvan Muxtar Respublikasında Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə də daxil olub. Bildiririk ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir. Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək", - deyə nazirlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası noyabrın 26-da fəaliyyətini dayandırdığını açıqlayıb.