Nicat Şıxəlizadə: "Maşurenkonu mütəxəssis hesab etmirdim"

Nicat Şıxəlizadə: "Maşurenkonu mütəxəssis hesab etmirdim" Azərbaycan millisinin sabiq cüdoçusu Nicat Şıxəlizadənin (66 kq) "Report"a müsahibəsi
Fərdi
8 Noyabr , 2021 14:34
Nicat Şıxəlizadə: Maşurenkonu mütəxəssis hesab etmirdim
Nicat Şıxəlizadə

Azərbaycan millisinin sabiq cüdoçusu Nicat Şıxəlizadənin (66 kq) "Report"a müsahibəsi

- İlk olaraq Zəfər Günü ilə bağlı təəssüratlarını bilmək istərdik. 2020-ci ilin bu gününü necə xatırlayırsınız?

- Bizim ən çox sevindiyimiz günlərdən biri idi. Ordumuz işğalda olan torpaqlarımızı azad etdi və həsrətə son qoydu. Bütün xalqımızı Zəfər Günü münasibəti ilə təbrik edirəm. Şəhidlərimizin ruhları qarşısında baş əyirik. Torpaq onların canı və qanı bahasına geri alınıb. Allahdan qazilərimizə şəfa və can sağlığı diləyirəm. Müharibədə kimisi ön cəbhədə idi, digərləri isə arxa cəbhədə yardımını edirdi. Xalqımız yumruq kimi birləşdi və Ordumuza dəstək oldu. Millətdəki ab-havanı gördükcə adamın ürəyi dağa dönürdü. Kimin nəyə gücü çatırdısa, yarım edir, dəstək olurdu. Bu, bütün Azərbaycan xalqının qələbəsidir.

- Siz həmin dönəmdə necə dəstək olurdunuz?

- Mən Dövlət Sərhəd Xidmətinin zabitiyəm. Həmin vaxt könüllü olaraq Orduya yazılmışdım. Buna baxmayaraq, dedilər ki, ehtiyac yoxdur. Lakin əlimdən gələn bütün maddi və mənəvi dəstəyi verdim. Əsgərlərimizə yardımlar aparır, gücümüz çatanı edirdik.

- Karyeranızı başa vurmağa sizi nə vadar etdi?

- Bu barədə hələ Tokio-2020 Yay Olimpiya Oyunlarından əvvəl düşünürdüm. Nəticədən asılı olmayaraq, sonuncu dəfə olimpiadada güləşmək istəyirdim. Lisenziya da qazandım. Bizim çəkidə Orxan Səfərov da lisenziya əldə etmişdi. Olimpiadada məhz o, mübarizə aparası oldu. Mən də Tokioya getdim, amma tatamiyə çıxmadım. Karyeramı bitirməyə də bilərdim. Düşündüm ki, cavan idmançılara yol açmaq vaxtıdır və onlar da özlərini göstərsinlər, biz isə əlimizdən gələn qədər onlara bildiklərimizi öyrədək. Belə qənaətə gəldim ki, karyeramı bitirməyin vaxtıdır.

- Orxan Səfərov da son müsahibəsində karyerasını bitirəcəyini istisna etməyib. Niyə belə tez bu qərara gəlirsiniz?

- Cüdonu atmaq fikrində deyilik. Sadəcə, böyük idmanda hər an hər şey ola bilər. Bəzən böyük zədələrlə üzləşirsən. Olimpiadadan əvvəl ciddi zədələr oldu və onları sağaldıb, yarışlara çıxdım. Bunların hamısı insana təsir edir. 30-31 yaşlı idmançı 6-7 ay idmandan uzaqlaşanda bərpa dönəmi çətin keçir. Cavanlarda isə bərpa prosesi tez olur. Bu gün və ya sabah başımıza nələrin gələcəyini deyə bilmərik. Hər idmançı uzunmüddətli nəticələrinin olmasını istəyər. Amma sabah nələrin olacağına heç kim zəmanət vermir. Məşqdə belə başımıza hər şey gələ bilər. Səfərov da ona görə elə deyib ki, nələrin olacağını bilmirik.

- Rəqəbətdə həmkarınıza uduzduğunuzu düşünürsünüz?

- Xeyr. Karyeramda neçə illər ərzində rəqabətdə həmişə öndə olmuşam. Sadəcə, zədələr mənə imkan vermirdi və yaş öz sözünü deyirdi. Hər həftə yarışlar və təlim-məşq toplanışları olur. Evdən və ailədən uzaq qalırdıq. Olduqca çətin yoldur. Artıq 33 yaşım var. Karyeramı da məhz bu səbəblərə görə bitirdim.

- Düşünmürsünüz ki, 2007-ci ildə dopinq qalmaqalına görə uzun müddət yarışlardan kənarda qalmağınız karyeranızın daha yaxşı alınmasına maneçelik törətdi?

- 2007-ci ildən 2011-ci ilədək beynəlxalq arenalardan uzaq qaldım. Bu, uzun müddət idi. Hər idmançı dözərək, bu vaxtdan sonra özünü doğrulda bilməzdi. Dözdüm və məşqlərə ara vermədim, formamı saxlamağa çalışdım və müxtəlif yarışlarda nəticə verdim. Bir çox böyük yarışlarda da yer tutdum. Bəlkə də dopinqə düşməsəydim, 2008-ci il Pekin olimpiadasında nəticə qazana bilərdim. Ondan sonra hər şey daha yaxşı olardı və karyeramı daha tez bitirərdim. 4-5 il ərzində yüksək nəticələr əldə edərdim. Mən güləşmədiyim dönəmdə cüdoda qaydalar dəyişdi. Bu da həqiqətən məni çox geri saldı. Yeni qaydalara uyğunlaşmaq məcburiyyətində qaldım. Bir sözlə, dopinqə düşməsəydim, nəticələrim daha yüksək olardı.

Nicat Şıxəlizadə
Nicat Şıxəlizadə

- Bakıdakı Böyük Dəbilqəni sabiq cüdoçu kimi izlədiniz. Yarış barədə nə deyə bilərsiniz?

- Bəzi çəkilərdə zəiflik olsa da, elə çəkilər var idi ki, orada həqiqətən titullu cüdoçular çıxış edirdi və rəqbət güclü idi. Bizim komandada əsas heyət üzvləri ilə yanaşı, gənclərə də şans verildi. Onların arasında özlərini doğruldanlar da oldu. Yarışı 1 qızıl, 2 gümüş və 4 bürünc medalla bitirdik. Ümumi baxanda nəticəmiz pis deyil.

- Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer doğum gününü Bakıda qeyd edib. Siz də orada iştirak edirdiniz...

- Bəli. Amma bu, sadəcə, qeyri-rəsmi tədbir idi. Dövlət və federasiya rəsmiləri də iştirak edirdi. Vizeri ad günü, Bakıda olduğu vaxta təsadüf etdiyi üçün qeyd olundu.

- Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi dəyişib. Sizin yeni rəhbərlikdən gözləntiləriniz nədən ibarətdir?

- Keçmiş rəhbərlik də bizə yüksək səviyyədə şərait yaradırdı. İdmançının nəticə qazanması və cüdonun inkişafı üçün əllərindən gələni edirdilər. Yığma komandanın kapitanı kimi razı idim. Hər halda rəhbərliyin dəyişilməsi məsləhət görülüb. İnanıram ki, yeni rəhbərliyin nəticələri əvvəlkindən pis olmayacaq və yenə idmançılar, həmçinin cüdonun inkişafı üçün yüksək nəticələr əldə edəcək.

- Sadıq Sadıqov da federasiyada vitse-prezident vəzifəsini tərk etməli oldu. Sizin onunla da münasibətiniz yaxşı olduğunu bilirik. Sizcə, hansısa səbəbdən yeni rəhbərlikdə ona yer verilmədi?

- Sadıq müəllim həqiqətən çox gözəl insandır. O da cüdomuzun inkişafı üçün əlindən gələni edib. İdmançıların üzərində əziyyəti olub. Seçkilərdə necə məsləhət biliblərsə, elə də olub. Sadıq müəllim yenə də "Neftçi" İdman Klubunun rəhbəri kimi öz fəaliyyətini davam etdirəcək. Biz də həmişə onun yanındayıq.

- Sabiq komanda yoldaşınız Rüstəm Orucov Tokio olimpiadasına 2 həftə öncədən getməyin yalnış olduğunu bildirib. Sizin fikriniz necədir?

- Mən həmin yarışda çıxış etməməyim barədə bir söz deyə bilməyəcəyəm. Yarışsaydım, bilərdim ki, tez gəlməyim yaxşı və ya pis oldu. İdmançılar Olimpiya kəndində, mən isə hoteldə qalırdım. Olimpiya kəndi də idmançılara pis təsir edə bilər. Hər şeyin ən yaxşısını komandanın mütəxəssisləri və yarışda iştirak edən cüdoçular bilir. Onlar tam dəqiq deyə, fikir irəli sürürə bilər.

- 2005-ci ildən cüdodasınız, müxtəlif baş məşqçi və məşqçilərlə işləmisiniz. Orxan Səfərov "Report"a müsahibəsində sabiq baş məşqçi Ruslan Maşurenkonun təcrübəli cüdoçularla məsləhətləşmədiyini söyləyib. Sizcə, baş məşqçi diktator olmalıdır, yoxsa aparıcı cüdoçuların fikirlərini də nəzərə almalıdır?
- Hər baş məşçinin və onun köməkçilərinin özünəməxsus qaydası və xarakteri var. Bizim komanda elədir ki, hamısı ailə başçısıdır. Yetəri qədər də təcrübəli idmançılardır. Onlarla necə rəftar etməyi və danışmağı hər baş məşqçi bacara bilməz. Məsləhətləşmək də mütləq lazımdır. Elə qərarlar da var ki, idmançı ilə məsləhətləşməmək mümkündür. Məsləhətləşmək qəbahət deyil. Hazırkı baş məşqçi Mövlud Mirəliyev və köməkçisi Elçin İsmayılov çox yaxşı idmançı olublar, indi də yaxşı mütəxəssisdirlər. Onlara da millidə uğurlar arzu edirəm. Cüdomuzun yaxşı nəticələr qazanacağına ümid edirəm.

- Bəs Maşurenko necə baş məşqçi idi?
- Mən onu mütəxəssis hesab etmirdim. Heç vaxt məşqçilik etməmişdi, gəldi bizim baş məşqçimiz oldu. Maşurenko şəxsən məni o qədər də qane etmirdi. Elxan Məmmədovla və Nazim Hüseynovla daha çox işləyirdim. Əsas onlara fikir verir, onların sözlərinə əməl edirdim. Maşurenko bizim mentalitetə uyğun insan deyildi. Fikirlərimiz üst-üstə düşməyə bilərdi. Bu səbəbdən, bacardığım qədər onun fikirlərinə önəm vermirdim. Aramızda hansısa konfliktin yaranmasını istəmirdim.

- Deməli, bu, uğursuz təyinatdır? Çünki idmançıların çoxu ondan narazıdır.
- Biz təyinatlara baxmırıq. Rəhbərlik kimi məsləhət görürsə, onlar da gəlir. Bəziləri özünü doğruldur, bəziləri isə yox. Hər şey nəticədən bəllidir. İdmançılarımız Avropa, dünya çempionatlarında və Böyük Dəbilqələrdə nəticə verirdi. Sadəcə, uğursuzluğumuz olimpiadada oldu. Onun səbəbini də idmançılar və məşqçilər bilər. Olimpiadada nə isə düzgün getməyib və uğursuzluq yaşanıb.

- Kayreranızı bitirdikdən sonra nə ilə məşğul olacaqsınız?

- Yeniyetmələrdən ibarət yığmanın məşqçisiyəm. Federasiyada rəhbərlik dəyişib. Bu postda qalıb-qalmayacağımı hələlik bilmirəm. Federasiya rəhbərliyi nə cür məsləhət görsə, fəaliyyətimizi o cür də davam etdirəcəyik. Hələlik baş məşqçi Ramiz Ramizzadənin köməkçisiyəm.

Son xəbərlər

Orphus sistemi