Niyaməddin Paşayev: "Nöqsanları aradan qaldırmağa çalışacağıq" - MÜSAHİBƏ

Niyaməddin Paşayev: "Nöqsanları aradan qaldırmağa çalışacağıq" - MÜSAHİBƏ "İdmançılarımızın səhvlərini gördük"
Fərdi
15 Aprel , 2021 15:30
Niyaməddin Paşayev: Nöqsanları aradan qaldırmağa çalışacağıq - MÜSAHİBƏ
Niyaməddin Paşayev

Azərbaycan Taekvondo Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevin "Report"a müsahibəsi

- Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatını bir gümüş və bir bürünc medalla başa vurdu. Aparıcı idmançıların medal qazana bilməmələrinin əsas səbəbi nədir?

- Sofiyadakı yarışda 8 kişi və 3 qadın idmançı ilə təmsil olunduq. Reallıq odur ki, qazandığımız nəticə, həqiqətən də, qənaətbəxş deyil. Təcrübəli idmançılarımız belə, medalçılar sırasına düşə bilmədilər. İki medal qazandıq. Daha 6 təmsilçimiz 1/4 final mərhələsində məğlub oldu.

- Koronavirus pandemiyası nəticələrinizə necə təsir etdi?

- Məşqlərin davamiyyətsizliyi və hazırlığın az olması nəticəyə təsir etdi. Pandemiya şəraitində məşqləri istədiyimiz kimi edə bilmirdik. Avropada bir-birinə yaxın ölkələr ortaq təlim-məşq toplanışına qatılır, sınaq görüşləri keçirirlər. Bu səbəbdən, onların idmançıları davamlı şəkildə daha aktiv olurlar. Təəssüf ki, bizdə belə şeylər yox idi. Pandemiya nəticəsində ölkədə sərt karantin tətdiq edilmişdi və idmançılar açıq havada məşq edə bilirdilər. Onlar üçün istədiyimiz təlim-məşq toplanışı təşkil etməmişdik. Uğursuzluğumuzun əsas səbəblərindən biri budur.

- Pandemiyanı əsas səbəb kimi göstərdiniz. Nazirlər Kabineti yanında Operativ Qərargaha komandanın məşqi üçün tez müraciət edib, toplanışa icazə ala bilərdiniz? Daha tez hazırlığa başlamaq üçün Gənclər və İdman Nazirliyinə müraciət etdinizmi?

- Bu sualın cavabını siz də yaxşı bilirsiniz. Mənim buna federasiya nümayəndəsi olaraq cavab verməyib düzgün deyil. Bütün federasiyalar necə idisə, biz də o şərtlərə uyğun məşqlərimizi davam etdirirdik.

- Avropa çempionatındakı uğursuzluqdan sonra taekvondoçularla fərdi söhbətiniz oldu?

- Əlbəttə. Yarışdan əvvəl və sonra idmançılarımızla, məşqçilərimizlə toplantı etmişik. Biz özümüz də yarışı yerində izlədik və idmançılarımızın nöqsanlarını, səvhlərini, hansı səbəblərdən məğlub olduqlarını gördük. Artıq bu yarış geridə qaldı. Qarşıda bizi 7 - 9 mayda Avropa Olimpiya Təsnifat Turniri gözləyir. Bu yarış da Sofiyada olacaq. Vaxtımızın azlığına baxmayaraq, Avropa çempionatındakı nöqsanları aradan qaldırmağa çalışacağıq.

- Təsnifat turnirində kimlər mübarizə aparacaq?
- 3 idmançı ilə təmsil olunacağıq. Yeganə kişi taekvondoçu Radik İsayev (+80 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) yarışacaq. Milad Beigi Hərçəqani (80 kq) isə lisenziyanı artıq təmin edib. Mayın 9-da parataekvondo komandası 4 idmançı ilə çıxış edəcək.

- Avropa çempionatı sanki hansısa məşq zalında keçirilirdi. Təşkilatçılıqdan nə dərəcədə razı qaldınız?
- Yarış pandemiya şəraitinə uyğun olaraq "balon" sistemi altında gerçəkləşdi. Yarış başlamamışdan 48 saat əvvəl test verildi. İdmançıların oteldən çıxışı da qadağan idi. Yarış günlərində isə hansı idmançılar döyüşəcəksə, onlar yarış zalına daxil olurdu. Biz belə turnirlərin böyük idman zallarında, tamaşaçılarla keçirilməsinə öyrəşmişik. Avropa çempionatları kimi yarışların gözəlliyi azarkeşlərdir. Kənardan baxanda nələrinsə, çatışmadığı görünürdü. Yarışın təşkilatçılığı baxımından problem yoxdur. Sadəcə, tamaşaçısız keçirildiyindən standartlara uyğun olmadığı görünürdü.

- Sanki taekvondoçuların döyüşdüyü dayanq adlanan döşək də əvvəlkilərdən fərqlənirdi...
- Bütün Avropa ölkələri eyni şərtlər altında mübarizə aparırdı. Yarış Dünya Taekvondo Federasiyasının qaydalarına uyğun baş tutdu. Döşəklər də standartlara cavab verirdi. Sadəcə, qıraqdan baxanda Avropa çempionatı yox, yoldaşlıq görüşü kimi hesab edilirdi. Biz illərdir ki, Avropa və dünya çempionatları görmüşük. Bütün idmançıların zalda komandanı izləmələri və o stresi birlikdə yaşamalarının özü həyəcanlı idi. Tamaşaçı kütləsinin idmançıları alqışlaması və qarşılaması da önəmli idi. İndi isə məşqçidən başqa heç kim olmur. İdmançı döyüşür və geri qayıdır.

- Təsnifat turnirində də eyni dayanqdan istifadə ediləcək?
- Bəli. Əvvəl yarışlar bir az fərqli döşəmədə olurdu. Budəfəki yarış ən son istifadəyə verilən dayanq üzərində idi. Sadəcə, bu yarışı fərqli edən böyük arenada keçirilməməsi və azarkeşsiz təşkili oldu.

- Avropa çempionatında qadınlardan Patimat Abakarova və Fəridə Əzizova kimi təcrübəli taekvondoçular medal qazana bilmədikləri halda, gənc Minayə Əkbərova 46 kq çəkidə bürünc medala sahib oldu. Təcrübəli qadın idmançıların uğursuzluğu barədə nə deyə bilərsiniz?
- Fəridə və Patimatın da medal qazanacağına ümid edirdik. Sadəcə, hər ikisi 1/4 finalda məğlub oldu. İdman şanssızlığı, hazırlıqsızlıq və bəzi səbəblərdən medalsız qayıtdılar. İdmançılar bir müddət yarışlardan, məşqlərdən kənarda qalmışdılar. Düzdür, Türkiyədə turnirdə iştirak etmişdik, lakin onun səviyyəsi elə də yüksək deyildi. Avropa çempionatı qitənin ən böyük yarışıdır, hamı hazırlıqlı gəlmişdi və qalib olmaq istəyirdilər. Hazırlıqlı və güclü olan qalib gəldi.

Son xəbərlər

Orphus sistemi