Bu il 53-cü dəfə keçirilən Nyu-York marafonuna dünyanın yüzlərlə ölkəsindən 55.646 atlet qatılıb və yarışda iştirakçı sayına görə Berlin marafonundan sonra dünya rekordu yenilənib. Marafon ABŞ-nin Nyu-York şəhərinin Bruklin adasından başlayıb. Atletlər Quins və Bronksdan keçdikdən sonra Manhetten adasında Mərkəzi Parkda yarışı yekunlaşdırıblar.
Azərbaycanı Nyu-York marafonunda ABŞ-də yaşayan həmyerlimiz Alyona Naftaliyeva təmsil edib. O, Azərbaycan bayrağı ilə marafonu tamamlayıb.
A.Naftaliyeva "Report"un ABŞ bürosuna müsahibəsində Nyu-Yorka köç hekayəsindən və Azərbaycanı təmsil etdiyi Nyu-York marafonundan bəhs edib.
- Alyona xanım, sizi tanıyaq, neçə ildir ABŞ-də yaşayırsınız?
- Amerika Birləşmiş Ştatlarına 1999-cu ildə Bakıdan köç etmişəm, artıq 24 ilə yaxındır Nyu-Yorkda yaşayıram. Bakıda yəhudi ailəsində dünyaya göz açmışam. Anam rus, atam isə yəhudidir. Bir bacım var. Bakıda uşaqlığım çox maraqlı və əyləncəli keçib. Valideynlərim bizi uşaqlıqdan musiqi məktəbinə qoymuşdu, piano çalırdıq, üzməyi öyrənirdik. Bacım ailə qurdu və Amerikaya köçdü. Daha sonra mən tibbi təhsil almaq üçün Nyu-Yorka gəldim. Təhsilimi tamamladıqdan sonra 15 il xəstəxanada işlədim, sonra karyeramı dəyişməyə qərar verdim və xəstəxananı tərk etdim. İxtisasımı dəyişdim, indi həm Nyu-York bələdiyyəsində işləyirəm, həm də Nyu-York marafonu ilə əlaqəli olan bir çox layihələrdə könüllü olaraq fəaliyyət göstərirəm. Yeni gəldiyim zaman çox çətin idi. Gün ərzində 15 saat işləyirdim və eyni zamanda təhsil alırdım. Daha sonra ailəm də bura gəldi, Bakıda ailə üzvlərimdən heç kim yoxdur.
- Necə oldu ki, Nyu-York marafonunda Azərbaycanı təmsil etməyə qərar verdiniz?
- 2019-cu ildən etibarən marafonlarda iştirak etməyə başladım. 6 ilə yaxındır ki, artıq həm peşəkar, həm də həvəskar atlet kimi marafonlara qatılıram. Budəfəki Nyu-York marafonu 3-cü böyük yarışdır ki, iştirak edirəm. 21 kilometr qısaməsafəli və 42 km uzunməsafəli tam marafonda iştirak etmişəm və onlarla medalım var. Böyük marafonlarda elit atletlərə sadəcə kateqoriyaya uyğun medallar verilir. Onlar digərləri ilə müqayisədə daha erkən saatlarda marafona start verirlər. Digər atletlər finişə hansı saatda gəlməsindən asılı olmayaraq, eyni medallarla təltif olunurlar.
Marafonda qaçmaq üçün bir neçə ay öncə hazırlıqlara başlayıram. Vücudum və beynim buna hazır olmalıdır. Bakıda da idmanla məşğul olurdum, orada da atlet idim. Bir qədər işlərimi və həyatımı yoluna qoyduqdan sonra yenidən idmana qayıtdım. İlk başladığım zamanlarda tək hazırlaşırdım və tək qaçırdım. Çünki özümə inamım və güvənim yox idi. Daha sonra artıq müxtəlif atlet qruplarına qoşuldum və onlarla qaçmağa başladım. Mən vegetarianam, ət yemirəm, tərəvəzlərlə qidalanıram. Bunun üçün də uzun məsafələri qaçmaq bir qədər yorucu olur. Üç il ardıcıl böyük marafonlardan sonra bu dəfə də heç bir zədə almadan Nyu-York marafonunu uğurla tamamladım. Azərbaycan bayrağı ilə finiş xəttinə gəldim və bunun qürurunu yaşayıram.
Nyu-York marafonu artıq 53-cü ildir keçirilir və dünyanın bütün ölkələrindən bu marafonda atletlər iştirak edirlər. Marafonun açılışında millətlərin paradı keçirildi, mən Azərbaycanı təmsil etmək üçün oraya da dəvət almışdım. Ölkələri əlifba sırası ilə qeyd etdikləri üçün ilk olaraq mənim adım səsləndi və mən ilk sırada Azərbaycan bayrağı ilə addımladım.
- Marafonda sizdən başqa azərbaycanlı atletlər yarışırdılar?
- Bir neçə azərbaycanlı atletin Nyu-York marafonunda yarışacağını bilirdim, onların adlarını siyahıda görmüşəm, ancaq onlarla tanış olmaq şansım olmayıb. Onları tapmaq, birlikdə təcrübələrimizi bölüşmək istərdim. Hətta Nyu-Yorkda azərbaycanlı atletlər qrupunu yaradıb onlarla bərabər müxtəlif marafonlarda Azərbaycanı təmsil etmək istəyirəm. Komandamıza ad belə fikirləşmişəm. Bu, Bakı və ya Azərbaycan olacaq. Bu, mənim ən böyük arzumdur.
Azərbaycandan gəldiyimi, köklərimi heç vaxt unuda bilmərəm. Qaçmağa başladığım ilk gündən bu yana hər yerdə azərbaycanlı olduğumu, Azərbaycanı təmsil etdiyimi yazıram. Hər zaman əlimdə Azərbaycan bayrağı var. Xüsusilə də böyük marafonlarda Azərbaycan bayrağını çiynimdə dalğalandırıram və finiş xəttinə gəldiyim zaman onu başımın üstünə qaldırıb qələbəmi onunla qeyd edirəm. Azərbaycanlı kimliyimlə qürur duyuram. Bunu heç bir güc məndən ala bilməz. Məndən hər zaman haralı olduğumu soruşurlar. Onlara Azərbaycanın sərhəd olduğu ölkələri deyirəm və Xəzər dənizi haqqında danışıram, xəritədən göstərirəm. Onu deyə bilərəm ki, Azərbaycan Amerikada yeməkləri və zəngin tarixi binaları, arxitekturası ilə məşhurdur. Azərbaycanlı dostlarım tez-tez mənə Bakıdan şəkərbura, badambura, şəki paxlavası, qoğal göndərirlər. Mən o şirniyyatları burada da tapa bilirəm, ancaq oradan gələnin dadı tamamilə fərqlidir. Dad əsla eyni deyil. Bəzi amerikalı dostlarım sadəcə paxlava yemək üçün Bakıya gedəcəklərini deyirlər.
Anam peşəkar basketbolçu idi. O, "Neftçi" Voleybol Klubunda oynayıb və olduqca çox uğurlu biri idi. 1965-1967-ci illərdə bütün media anamın və onun oynadığı komandanın uğurlarını yazırdı. İndi hər iki valideynim buradadır. Mən bir qədər onlardan uzaqda yaşayıram. Onlar Nyu-Yorkda azərbaycanlı ailələrin ən çox yerləşdiyi səmtdə yaşayırlar. İndi bir qədər yaşlıdırlar və vaxtlarını əsasən Nyu-Yorkdakı azərbaycanlılarla keçirirlər, televiziya izləyirlər. Arada Bakıya gedirik. Bakıda uşaqlıq dostlarım, tanışlarımla görüşürəm. Sonuncu dəfə 2018-ci ildə Bakıda olmuşam. Yaxında yenidən Azərbaycana gedəcəyəm və Bakı marafonunda iştirak etməyi planlaşdırıram. Ana vətənimdə marafonda iştirak etmək ən böyük arzularımdan biridir. Azərbaycan üçün çox darıxıram. Bakıya hər dəfə gedəndə ilk getdiyim yer Qız Qalasıdır. Mütləq ora getməliyəm. Ürəyim məni ora aparır. Daha sonra böyüdüyüm küçələri gəzirəm, dolaşıram.
Evimdə Azərbaycandan gələn suvenirlər və içkilər var. Onların bəziləri atamın kolleksiyasıdır, bəzilərini isə özüm gətirmişəm. Burada bir neçə azərbaycanlı dostlarım var. Onlarla bəzən görüşüb Azərbaycan restoranına gedirik. Nyu-Yorkda olduğum üçün xoşbəxtəm. Burada bütün ölkələrdən, fərqli mədəniyyətlərdən insanlar var. Onlarla söhbət etmək, Azərbaycan haqqında məlumatları bölüşmək məni həyəcanlandırır.
Məni izləyənlərə məsləhətim odur ki, hər zaman hərəkətdə olsunlar. Bütün azərbaycanlıları sevirəm, onlara buradan sevgilərimi və salamlarımı göndərirəm.