Klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa kubokunda pley-off mərhələsi başa çatıb.
“Report” xəbər verir ki, reqlamentə əsasən pley-offa vəsiqə qazanan 18 komanda üç qrupa bölünüb. Qrupda ilk üç yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb. Təmsilçilərimizdən “Odlar Yurdu” qrupu lider kimi başa vuraraq finalda mübarizəni davam etdirmək imkanı əldə edib. “Təhsil İdman” isə 6-cı pillədə qərarlaşmaqla turnirlə vidalaşıb.
Pley-offda “Odlar Yurdu” Fransanın “Chartres Echecs” və Çexiyanın “Novy Bor” komandalarıyla heç-heçə oynayıb 2-2. “Odlar Yurdu” digər görüşlərdə “Deizisau” (Almaniya), “Greco-Notary Chess Team” (Ukrayna) və ölkəmizin digər komandası “Təhsil İdman”ı 3-1 hesabı ilə məğlub edib.
Beləliklə, sabah başlayacaq final mərhələsində ümumilikdə 10 komanda mübarizə aparacaq. Çempionluq uğrunda “Odlar Yurdu” ilə yanaşı, “Ladya Kazan”, “Mednıy Vsadnik” (hər ikisi Rusiya), “Hamburger Schacklub”, “Deizisau” (hər ikisi Almaniya), “Clichy Echecs 92” (Fransa), “Novy Bor” (Çexiya), “Guildford” (İngiltərə), “Poland Hussars” (Polşa) və qadın şahmatçıların yarışında Avropa Kubokunun qalibi “Monte-Karlo” yarışacaq.
Qeyd edək ki, “Monte-Karlo” turnirin final mərhələsinə təşkilatçıların xüsusi dəvəti ilə qoşulacaq. Final mərhələsi iki gün davam edəcək. On komanda dairəvi sistemlə mübarizə aparacaq. Doqquz turdan sonra ilk pilləni tutacaq kollektiv Avropa Kubokunun qalibi elan olunacaq.
Doxsan bir komandanın iştirak etdiyi Avropa Kubokunun ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.