"Artıq yeni formatlı, azarkeşsiz yarışlara öyrəşmişik. Pandemiya başlayandan iki belə turnirdə iştirak etmişdik. Ona görə də buna normal yanaşırıq".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan taekvondoçusu Radik İsayev Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatı barədə danışarkən deyib.
Yarışı medalsız başa vuran olimpiya, dünya və Avropa çempionu uğursuzluğun səbəbini uzun müddət məşq edə bilməmələri ilə əlaqələndirib: "Xeyli vaxt oturub qaldıq. Ona görə hər şey belə alındı. Hər dəfə yarışa gedəndə bizim üçün ayrılmış xüsusi otaqlarda qalırıq. Bu dəfə 6 gün heç nə etmədən, heç yerə getmədən hotel otağında oturduq. Mənim görüşüm 6-cı gün oldu. Az qala dəli olacaqdıq. Bunun acısını çəkdik".
O, Avropa çempionatının keçirildiyi zalın vəziyyətinə də toxunub: "Yaxşı dayanq var idi, sürüşmürdü".
İsayev Tokio Yay Olimpiya Oyunları öncəsi belə çıxışın onu narahat etdiyini vurğulayıb: "Amma öz səhvlərimizin üzərində işləyirik. Hazırlıqlarımız davam edir".
32 yaşlı taekvondoçu olimpiya lisenziyasının mayın 7-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa Olimpiya Təsnifat Turnirində dəqiqləşəcəyini söyləyib: "Bunun üçün döyüşmək, həmin lisenziyanı qazanmaq və özünü sübut etmək lazımdır. Lisenziyaları hər çəkidə finala vəsiqə qazanan iki taekvondoçu əldə edəcək".