"Əsas vəzifəmiz 2024-cü il Paris Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev deyib.
O, artıq 4 aya yaxındır ki, federasiya rəhbərliyində dəyişiklik olduğunu bildirib: "Qarşımızda duran vəzifə hansı addımların atılmasını müəyyənləşdirməkdir. İlk addımımız xarici mütəxəssislərin cəlb edilməsi, infrastruktur, beynəlxalq əlaqələr kimi məsələləri dəyərləndirmək üçün beynəlxalq məsləhətçilər cəlb etməkdir. Son illərin nəticələrinə baxsaq, aparıcı cüdo ölkəsi olduğumuzu deyə bilərik. Cüdonu maksimum kütləviləşdirmək istəyirik. Bunlar əsasında məsləhətçi şirkətlə birgə strategiya müəyyənləşdirilib".
Nəbiyevin sözlərinə görə, son illər əldə edilən nəticələr fərdi idmançılara əsaslanıb: "Sistemdə və sistemlilikdə müəyyən problemlərin olduğunu deyə bilərik. Qərara gəldik ki, xarici baş məşqçi dəvət edərək, bu sistemi yaradaq. Ona görə də performans direktoru vəzifəsinə Belçika yığmasının uzun müddət baş məşqçisi olmuş və Hollandiya klubunda çalışmış Mark van der Hamı, baş məşqçi vəzifəsinə isə Almaniya yığmasının baş məşqçisi olmuş Riçard Trautmanı dəvət etdik. Hər ikisi yüksək nəticələr göstərmiş mütəxəssisdir".
ACF rəhbəri indiyədək millidə çalışmış bütün mütəxəssislərə təşəkkür edib: "Əcnəbi mütəxəssislərin qarşısında qoyulan vəzifələrdən biri yerli məşqçilərə də dəstək olmaqdır. Mövlud Mirəliyevə təşəkkür edirəm. O və digər məşqçilər millidə fəaliyyətlərini davam etdirəcəklər. Son yarışlarda uğurlarımız onların bacarıqlarını göstərir. Amma yeni yanaşma xarici mütəxəssislərlə çalışmanı tələb edir".