Ümumrusiya İctimai Rəyinin Öyrənilməsi Mərkəzi ölkə əhalisi arasında 2020-ci ilin nələrlə xatırlanacağına dair sorğu keçirib.
"Report"un məlumatına görə, respondentlərin 42 faizi əsas beynəlxalq hadisə kimi koronavirus pandemiyasını vurğulayıblar. İkinci yerdə 28 faiz səslə Dağlıq Qarabağdakı hərbi əməliyyatlar yer alıb.
Sonrakı yerləri Rusiya Federasiyasının Konstitusiyasına edilmiş düzəlişlər (25 faiz), dünyada ilk dəfə COVID-19 əleyhinə vaksinin hazırlanması (25 faiz) və Belarusdakı seçkilər (23 faiz) tutub.
İdmançıların reytinqində isə ilk yer UFC döyüşçüsü Həbib Nurməhəmmədova (10 faiz) qismət olub. Futbolçu Artyom Dzyuba (8 faiz), tennisçi Daniil Medvedev, hokkeyçi Aleksandr Oveçkin və fiqurlu konkisürən Alina Zagitova (hərəyə 2 faiz) sonrakı yerləri tutub.