Rusiyanın hündürlüyə tullanma üzrə olimpiya çempionu Mariya Lasitskene ölkənin idman naziri Oleq Matıtsinlə görüşdən imtina edib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti"yə 29 yaşlı atletin əri Vladas Lasitskas açıqlama verib.
Matıtsin sanksiya məhdudiyyətləri şəraitində dəstək tədbirlərini martın 21-də rusiyalı idmançılarla müzakirə edəcək. Görüşə dəvət alanlar siyahısında Lasitskenenin də adı hallanıb.
Lakin Lasitskas nazirliyin press-relizini təəccüblə qarşıladıqlarını bildirib: "Maşa bu görüşə razılığını verməmişdi. Nəticədə o, tədbirə qatılmaqdan imtina etdi. Həyat yoldaşıma dəstək yox, dünyanın ən güclü atletləri ilə birlikdə mübarizə aparmaq imkanı lazımdır. Lakin bu məsələdə, gördüyümüz kimi, nə Rusiya Olimpiya Komitəsi, nə Ümumrusiya Atletika Federasiyası Maşaya kömək etmədi".
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi idman təşkilatlarına Rusiya və Belarus idmançılarını yarışlara buraxmamağı tövsiyə edib. Nəticədə bir çox beynəlxalq federasiya onları yarışlardan kənarlaşdırıb.