Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə üçün Rusiya millisinin yekun heyəti açıqlanıb.
"Report" Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda nüfuzlu turnirdə 13 idmançı ilə təmsil olunacaq.
Daha əvvəl adı siyahıda yer alan erməni əsilli Arman Adamyan (100 kq) heyətdən çıxarılıb. Adamyan Minsk-2019 II Avropa Oyunlarının, 24 - 26 sentyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunmuş Qran-prinin və 16-17 oktyabrda Fransanın paytaxtı Parisdə keçirilmiş Böyük Dəbilqənin qalibi olub.
Rusiya millisi Bakıya 8 kişi, 5 qadın cüdoçu ilə gələcək.
Kişilərin yarışına Albert Oğuzov, Damir Meremov (hər ikisi 60 kq), Yakub Şamilov, Abdulla Abdulcəlilov (hər ikisi 66 kq), Maxmadbek Maxmadbekov, Ayub Xajaliyev (hər ikisi 73 kq), Alixan Tseçoyev (90 kq), Niiaz Bilalov (100 kq) qatılacaq.
Qadınların mübarizəsində isə Sabina Gilyazova, Darya Piçkalyova (hər ikisi 48 kq), Anastasiya Polikarpova, Liliya Nuqayeva (hər ikisi 52 kq) və Tatyana Lyalina (78 kq) çıxış edəcək.
Qeyd edək ki, Böyük Dəbilqə 5 - 7 noyabrda Heydər Əliyev adına İdman Kompleksində keçiriləcək.