Azərbaycanın cüdoçusu Rüstəm Orucov qarşıdakı Böyük Dəbilqə yarışlarında iştirak etməyəcək.
Bu barədə "Report"a 30 yaşlı idmançının özü məlumat verib.
73 kq çəki dərəcəsində çıxış edən tanınmış cüdoçu qərarına Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı faktiki təmin etməsini səbəb göstərib: "Mənim üçün növbəti yarış Avropa çempionatı olacaq. Artıq lisenziyam var, olimpiadaya hazırlaşmaq qalıb. Yay Olimpiya Oyunlarına zədəsiz getmək istəyirəm. Ona görə yarışları azaldıram. Əsas üstünlüyü məşqlərə verirəm. Avropa çempionatında və daha sonra olimpiadada iştirak edəcəyəcəm".
Orucov son olaraq, 2020-ci il oktyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə qızıl, noyabrın 24-də Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında və bu il martın 16-da isə Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bürünc medal qazanıb.
Qeyd edək ki, növbəti Böyük Dəbilqə yarışları 26 - 28 martda Gürcüstanın paytaxtı Tbilisidə, 1 - 3 apreldə Türkiyənin Antalya, 5 - 7 mayda isə Rusiyanın Kazan şəhərində keçiriləcək. Avropa çempionatının 16 - 18 apreldə Portuqaliyanın paytaxtı Lissabonda təşkili nəzərdə tutulub.