Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan cüdoçularının adları Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatından sonra açıqlanacaq.
Bu barədə "Report"a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.
O, bəzi çəkilərdə iki lisenziyanın olduğunu, mundialdan sonra ACF Daimi Fəaliyyət Şurasının məşqçilər heyəti ilə birlikdə məsələyə baxacağını bildirib: "Həmin Şurada Azərbaycan cüdosunun tanınmış simaları, mütəxəssislər yer alıb. Şura ilə birlikdə oturub analiz edəcəyik. Bu, texniki məsələ olduğundan, rəhbərlik qərar vermir. Texniki heyət və şura qərar verəcək ki, olimpiadaya kimlər gedəcək. Yenə deyirəm, Şurada çox tanınmış cüdo mütəxəssisləri fəaliyyət göstərir. Onların iştirakı və razılığı ilə biz dünya çempionatından sonra olimpiada üçün heyəti müəyyənləşdirəcəyik".
Sadıqov Azərbaycanın müstəqillik əldə etdikdən sonra cüdoda böyük nailiyyətlərə imza atdığını xatırladıb: "Bu, Nazim Hüseynovdan başlayıb. Elnur Məmmədli daha sonra uğurlar qazandı. Olimpiadada ikinci və üçüncü olan idmançılarımız - Rüstəm Orucov, Elmar Qasımov, Mövlud Mirəliyev, dünya çempionu olmuş Elxan Məmmədov var. Avropa çempionu olmuş Hidayət Heydərov və Orxan Səfərovu da deyə bilərəm. Cüdoda böyük nailiyyətlər əldə olunub. Buna baxmayaraq biz heç bir olimpiadada kişilərdən ibarət komandada tam heyətlə iştirak etməmişdik. Hazırda 7 çəki dərəcəsində bizim 10 idmançımız olimpiya reytinq cədvəlində lisenziya əldə edən cüdoçular sırasındadır. 60 kq-da bir idmançımız var. İkinci lisenziya dünya çempionatında ola bilər. Kəramət Hüseynov lisenziyanı qazanıb, Davud Məmmədsoy da əldə edə bilər. 66 kq-da Orxan Səfərovla, Nicat Şıxəlizadə lisenziya qazanıb. 73 kq-da Rüstəm Orucovla, Hidayət Heydərov, 81 kq-da Murad Fətiyev, 90 kq-da Məhəmmədəli Mehdiyev, 100 kq-da da iki idmançımız - Zelim Kotsoyev və Elmar Qasımov, 100 kq-dan yuxarı çəkidə isə Uşangi Kokauri lisenziyanı əldə edib. Bu gün 7 çəkinin hamısında lisenziyamız var".
Qadınlardan ibarət komandaya gəldikdə, federasiya rəsmisi İrina Kindzerskanın 78 kq-dan yuxarı çəkidə vəsiqə qazandığını sözlərinə əlavə edib. "Kişilərdə mümkün 7 lisenziyanın hamısı qazanılıb. Qadınlardan isə 48 kq-da Aişə Qurbanlının belə bir şansı var. Bu çəkidə Leyla Əliyeva və 52 kq-da Gültac Məmmədəliyevanın da lisenziya imkanları qalır. Əlbəttə, onların dünya çempionatındakı çıxışından çox şey asılıdır. Dünya çempionatından sonra 48 kq və ya 52 kq-da lisenziya qazanılsa, ola bilsin, Tokioya 3 qadın cüdoçumuz yollanacaq Bu da ən böyük uğur və nailiyyətdir. Bizim ilk olaraq işimiz lisenziya qazanmaq idi. Rio-2016 Yay Olimpiya Oyunlarından sonra söz vermişdik ki, növbəti yarışda kişi cüdoçularımız 7 çəkinin hamısında iştirak edəcək. Bu, bizdə alındı".
Vitse-prezident bildirib ki, Tokio-2020 çox çətin olacağından, komanda üzvləri ciddi hazırlıq keçirlər: "Nəzərə almalıyıq ki, olimpiada cüdonun vətəni Yaponiyada gerçəkləşəcək. Biz Oyunlara çox ciddi hazırlaşırıq. İnanıram ki, idmançılarımız Tokio-2020-də də sözlərini deyəcəklər. Ümidimiz böyükdür. Bugünkü inkişaf onu göstərir ki, uşaqlar pik formadadır. Çox güclü təlim-məşq toplanışları keçiblər. Kişilərdən ibarət komanda hazırda Almaniyada hazırlıq prosesindədir. Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədən sonra orada da təlim-məşq toplanışı keçiblər. Bu, beynəlxalq hazırlıq prosesi idi. Cüdoçularımız indi də Almaniyada məşqlərini davam etdirirlər. Mayın 27-də qayıdaraq, Bakı, Sumqayıt və ya regionlardan birində hazırlıq keçəcəklər. Daha sonra onlar dünya çempionatına yollanacaqlar. Mundialdan sonra isə olimpiadaya gedəcək idmançıların adlarını açıqlayacağıq".
Sadıqov "Olimpiadada qarışıq komanda növündə iştirak etmək imkanınız varmı" sualına belə cavab verib: "Bu yöndə qadınlarda bir az problemimiz var. Orada 3 qadın və eyni sayda kişi cüdoçu olmalıdır. Qadınların biri də lisenziya qazansa, komanda yarışlarına qatıla biləcəyik. Qarışıq komanda üçün heyətdə mütləq 3 qız və 3 oğlan olmalıdır. Əvvəl yox idisə, texniki məğlubiyyət verirdilər. İndi isə elə deyil. Tam olaraq çıxıb güləşməlisən. Lazımi sayda cüdoçun varsa, yarışa buraxırlar. Biz də çalışırıq ki, dünya çempionatına qarışıq komanda üzrə də lisenziyanı həll edək".
ACF rəsmisi cüdoçuların olimpiadanın ilk günlərindən tatamiyə çıxacaqlarını xatırladıb: "Ən böyük yük bu idman növünün üzərinə düşür. Uşaqların hansısa fiaskosu o biri komandalara da təsir edə bilər. Psixoloji durumu da nəzərə almaq lazımdır. Amma uşaqlar tam hazırdır. Rio-2016-da qızıl olmasa da, iki gümüş medal əldə etdik. Çalışırıq. Cüdoya ümidlər çox böyükdür. Özümüzdə idmançılarımızdan da çox böyük məsuliyyət var ki, cüdonun vətənində Azərbaycanın bayrağını qaldıraq. İnanıram ki, biz sensasiya edəcəyik. Allahın köməyi ilə bu da olacaq. Bu da növbəti çıxış edəcək idmançılara stimul olar və onlar da öz əzmkarlıqları ilə seçilərlər".
Azərbaycanın olimpiadalarda əsas medal ümidi olan güləşdə bu dəfə ümumilikdə 7 lisenziya qazanılıb. Lakin Sadıqov pəhləvanların da Tokio-2020-də öz sözlərini deyəcəklərinə inam ifadə edib: "Güləşdə az idmançımız olsa belə, onlar uğurlu çıxış edəcəklər. Bir illik dönəm bizi çox geri saldı. Pandemiya idmana böyük zərbə vurdu. İdman zalları hələ də bağlıdır, açılmayıb. İdmanda çox böyük itkilərimiz var. Bu yaxınlarda məktub gəlib ki, yeniyetmələr arasında Avropa çempionatı olacaq. Sonra Avropa Cüdo Birliyi bəyan edib ki, yarışları bərpa edirik. Sentyabrda gənclərin yarışı var, amma ona hazırlaşmaq üçün çox böyük çətinliklərimiz var. Uşaqlar zallar bağlı olduğu üçün məşq edə bilmirlər. Peşəkar idmançının bir il məşq etməməsi nə deməkdir? Bunu hamı yaxşı bilir. Çox çətin bir şeydir. Mən güləşi qınamıram, böyük problemləri oldu, zallar bağlandı, sərbəst güləş növündə baş məşqçi dəyişdi. Namiq Abdullayev də elə-belə adam deyil, olimpiya çempionumuzdur. Bildiklərini uşaqlara öyrədir, çox əzmkar pəhləvan olub. Qardaşı Arif də onun kimi. Azərbaycan Güləş Federasiyası da əlindən gələni edib ki, lisenziyalar çox olsun. Amma inanıram ki, olimpiadada onlar da öz sözlərini deyəcəklər".