"Bugünkü görüş Tokioya yollanacaq şəxslər üçün əhəmiyyətlidir. Azərbaycan idman ölkəsidir. Prezident İlham Əliyev idmana böyük qayğı və dəstək göstərir. Pandemiya şəraitində bir çox məsələlər dəyişib".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, olimpiadada dopinq nəzarəti ilə bağlı bəzi dəyişikliklər edilib: "Rio-2016-da müşahidə edildi ki, təqribən 6-7 ay idmançılar testdən keçməyib. Bizdə isə yarış öncəsi dəfələrlər testlər aparılıb. İdmançılar təmiz mühitdə yarışacaqlar".
Ş.Hüseynlinin sözlərinə görə, idmançıların bütün sualları AMADA tərəfindən cavablandırılır və cavablandırılacaq: "Tokioda idmançılarımıza böyük və təmiz qələbələr arzulayıram".
Tədbirdə bildirilib ki, idmançılar yarış zamanı hər hansı maddədən istifadə etdikdə diqqətli olmalıdırlar. Bundan əlavə, 18 yaşadək idmançıların dopinq-testi zamanı yanlarında mütləq nümayəndə olmalıdır.