Sergey Kovalçuk: "Roman Saleyin Azərbaycanı təmsil etməsini normal qarşılayıram"

Sergey Kovalçuk: "Roman Saleyin Azərbaycanı təmsil etməsini normal qarşılayıram" "Üzgüçülük üzrə paralimpiya çempionu Roman Saleyin Azərbaycanı təmsil etməsi öz qərarıdır. Bu praktika bütün dünyada var".
Fərdi
21 Noyabr , 2021 17:35
Sergey Kovalçuk: Roman Saleyin Azərbaycanı təmsil etməsini normal qarşılayıram

"Üzgüçülük üzrə paralimpiya çempionu Roman Saleyin Azərbaycanı təmsil etməsi öz qərarıdır. Bu praktika bütün dünyada var".

"Report"un məlumatına görə, bunu Belarusun idman və turizm naziri Sergey Kovalçuk Milli Gimnastika Arenasında keçirilən mətbuat konfransında deyib.

Nazir belaruslu para-üzgüçü Roman Saleyin Azərbaycan adından çıxış etməsini normal qarşıladığını bildirib: "Məsələn, stolüstü tennisi götürək. Hansı idmançılar hazırda bu idman növündə Avropada 1 nömrə sayılır? Bütün ölkələrin heyətində çinlilər var. Nəyə görə? Mən idmançının digər ölkə adından çıxış etməsini tamamilə normal qarşılayıram. Hesab edirəm ki, onlar idmandakı rəqabəti gücləndirir və idmançıların müəyyən səviyyəyə çatmasına kömək edir. Bu, yaxşı, həm də normal haldır. Təbii ki, çalışıb öz idmançılarını yetişdirməlisən. Bəzən həmin idmançılar öz ölkəsində rəqabətə dözməyərək başqa dövlət adından çıxış etməyə can atır".

Kovalçukun sözlərinə görə, bütün ölkələrdə və idman növlərində bu cür təcrübə var: "Məsələn, olimpiadada batut gimnastikasında azı 2 idmançın olmalıdır. Belarusda isə bu baxımdan 3 eyni səviyyəli idmançı var. Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Vladislav Qonçarov (Bakıda keçirilmiş I Avropa Oyunlarının ikiqat gümüş mükafatçısı – red.), Tokio olimpiadasında çempion olan İqor Litvinoviç və dünya, Avropa çempionatlarının qızıl medalçısı Oleq Ryabtsev. İndi siz düşünün, baş məşqçi bunlardan hansını olimpiadaya aparmalıdır? Komandanın uğurlu çıxışı üçün düzgün seçim edilməlidir. Bizdə Andrey Buylov kimi gənc yetişir, o, Bakıda 60 xal topladı. Deməli, komandada rəqabət olduqca güclüdür. Amma o, hələ gənc olduğu üçün olimpiadada milli komandaya düşə bilmir.

Məsələn, bizdə biatlon üzrə dördqat Olimpiya çempionu Darya Domraçeva müəyyən səbəbdən idmanı atdı. Ondan sonra biatlonda estafet yarışlarında çətinliklərimiz yarandı. Ona görə də Rusiyadan iki idmançını – İrina və Yelena Kruçinkina bacılarını özümüzə götürdük, kifayət qədər də uğurlu çıxış edirlər. Rəhbərlik səviyyəsində buna razılıq verildikdən sonra qorxulu heç nə görmürəm. Belaruslu atlet Azərbaycandan bir xanımla evlənib qalsa belə, biz buna sevinə bilərik (gülür).

Nazir deyib ki, yunan-Roma güləşində 2-3 azərbaycanlını Belarusun heyətinə qatmışdılar: "Onlar layiqli çıxış edir, lakin dünya çempionatı zamanı öz komandalarında heyətə düşə bilmirdilər. Niyə də gəlib bizdə çıxış etməsinlər? Nəinki çıxış etsinlər, hətta azərbaycanlı güləşçiləri məğlub etsinlər (gülür). Təbii ki, bunu zarafatla deyirəm. İdmanı digər məsələlərə qatmayaq. Bunlar yaxşı haldır".

Qeyd edək ki, Belarus millisi 18-21 noyabr tarixlərində Bakıda keçirilmiş batut gimnastikası üzrə XXXV dünya çempionatında sinxron tullanmada və fərdi komanda çıxışında qızıl medal, eləcə də Oleq Ryabtsevin ifasında individual çıxışda bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi