"Rizinlə "Bellator" partnyor təşkilatlardır".
Bunu "Report"a açıqlamasında ABŞ-ın “Bellator” şirkətilə müqavilə imzalayan Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev deyib.
33 yaşlı idmançı yeni sözləşmə bağladığı üçün hələlik çox danışmaq istəmədiyini bildirib: "2019-cu ildə Rizin turnirində məğlub etdiyim braziliyalı Patrik Freyre hazırda “Bellator”da çempiondur. “Bellator” dünyada, demək olar ki, ikinci liqadır. Mütləq Döyüş Çempionatı (UFC) ilə rəqabət aparırlar. Tanınmış idmançıların əksəriyyəti burada döyüşür. Təlim-məşq toplanışı keçdikdən sonra yarışa qatılacağam. Fevralın axırı - martın əvvəlində ilk görüş planlaşdırılır. Qarşılaşmanın yeri və rəqib hələlik bəlli deyil. Müqaviləyə əsasən, 18 ay ərzində 4 döyüş keçirəcəyəm".
Musayev “Bellator”da da hədəflərinin dəyişmədiyini sözlərinə əlavə edib: "Məqsəd döyüşləri udmaq və kəməri götürməkdir".
70 kq çəki dərəcəsindəki idmançı UFC ilə "Bellator"u müqayisə etmək istəməyib: "Elə idmançılar var ki, UFC ilə müqaviləni pozur və “Bellator”a gəlir. Çünki bura həm maliyyə cəhətdən yaxşıdır, həm də idmançılar güclüdür. UFC-dəki əksər idmançılar müqavilələri pozur və "Bellator"a gəlir".
Musayev yeni şirkətlə sözləşmənin uzadılma ehtimalını da istisna etməyib: "Gedişata baxacağıq. Gələcəkdə hər şey ola bilər".