Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək missiyanın rəhbəri Rauf Mürsəlov və onun müavinləri Elxan Rəhimov, Azər Tapdıqov və Leyli Yusifli ilə görüş keçirilib.
MPK-dan "Report"a verilən məlumata görə, görüşdə iştirak edən qurumun prezidenti İlqar Rəhimov missiyanın Paralimpiya oyunlarına hazırlığı ilə bağlı maraqlanaraq onlara müvafiq tapşırıqlar verib və uğurlar arzulayıb.
Avqustun 14-də şef-de mission R. Mürsəlov və müavini A. Tapdıqov Tokioya yola düşəcək.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazanıb. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.