Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Seyko Hasimoto Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədovla görüşüb.
MPK-nın mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, Hasimoto görüş zamanı ölkə paralimpiyaçılarının nailiyyətlərinə heyran qaldığını bildirib və onların nəticələrini yüksək qiymətləndirib. Azərbaycan təmsilçilərini təbrik edən Hasimoto onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Öz növbəsində, Rəhimov Tokio-2020-nin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliklərinə görə onlara təşəkkürünü çatdırıb.
Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb. Tokio paralimpiadası sentyabrın 5-də başa çatacaq.