Bu gün Beynəlxal Olimpiya Komitəsinin (IOC) pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri və hazırlıqlarının yer aldığı "Playbook"un təqdimatı baş tutub.
Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri üçün nəzərdə tutulan onlayn təqdimat mərasimində IOC-nin prezidenti Tomas Bax, qurumun MOK-la əlaqələr şöbəsinin rəhbəri Ceyms Maklaud və Oyunların Əməliyyat Komitəsinin məsul şəxsləri iştirak edib.
Təqdimat mərasimində çıxış edən T.Baxın sözlərinə görə, "Playbook"un hazırlanması olimpiadaya bir addım da yaxınlaşmaq deməkdir.
Təqdimat mərasimində bildirilib ki, "Tokio -2020" üçün COCOA adlandırılan xüsusi mobil tətbiq hazırlanıb. Proqram pandemiya ilə mübarizəyə həsr olunan və yoluxma riskini azaltmaq məqsədilə hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib. Olimpiadaya qatılacaq ölkələrin nümayəndə heyətlərinin hər bir üzvü bu proqramı 14 gün əvvəl öz mobil telefonuna yükləməlidir. Bundan sonra proqramın tələb etdiyi məlumatlar (hərarət, öskürək, ümumi vəziyyət və.s) haqqında informasiyalar 14 gün ərzində mobil tətbiqə daxil edilməlidir. Bu, dolayısı ilə hər bir iştirakçının sağlıq durumu haqqında oyunların Əməliyyat Komitəsinin müvafiq qurumunun məlumatlandırılmasına xidmət edəcək.
Bundan başqa, Oyunlara yola düşməzdən 72 saat əvvəl nümayəndə heyətinin üzvləri PCR testi verməlidir. İlkin qərarə əsasən, Olimpiya kəndində hər kəs 4 gündən bir test verəcək. Xüsusi olaraq qeyd edilib ki, virusa qarşı ən yüksək təhlükəsizlik tədbirləri görülüb.
İdmançılar və məşqçilər, media, beynəlxalq federasiyalar, həmçinin yayım işini həyata keçirəcək qurumlar üçün fərqli "Playbook"lar hazırlanıb. Apreldə isə nümayəndə heyətinin rəhbərləri üçün nəzərdə tutulan “Playbook”un təqdim olunacağı gözlənilir.
Sonda Tokio -2020 Yay Olimpiya Oyunlarının Əməliyyat Komitəsinin məsul şəxsləri ölkələrin olimpiya komitələri nümayəndələrinin çoxsaylı suallarına cavab verib.
Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Anar Bağırov və Marketinq Departamentinin rəhbəri Mehman Kərimov təqdimatda iştirak edib.