Azərbaycanın Ukrayna əsilli titullu qadın idmançıları Azərbaycanın idman ictimaiyyətindən kömək istəyib.
"Report"un məlumatına görə, bu barədə karate üzrə olimpiya mükafatçısı, Avropa və dünya çempionu İrina Zaretska instaqram hesabı vasitəsilə açıqlama verib.
26 yaşlı idmançı həmyerliləri, qadın güləşçi Mariya Stadnik və cüdoçu İrina Kindzerska adından Milli Olimpiya Komitəsinə (MOK) müraciət ünvanlayıb. O, paylaşımında Azərbaycan Milli Karate Federasiyasını, Azərbaycan Güləş Federasiyasını, Azərbaycan Cüdo Federasiyasını və yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun adını işarələyib.
Zaretska bildirib ki, artıq Rusiyanın Ukrayna qarşı başlatdığı müharibənin, tam miqyaslı hərbi müdaxilənin 7-ci günüdür: "Bu müddətdə şəhərləri bombalayır, dağıdır, dinc sakinləri güllələyirlər. İnsanlar, uşaqlar ölür".
Təcrübəli karateçi hazırda Bakıda Ukraynaya göndərmək üçün toplanan humanitar yardım mərkəzində olduğunu vurğulayıb: "Buraya gələrək lazımi dəstək göstərən insanlara minnətdaram. Kömək edənlərin sayı xeyli çoxdur. Bu dəstəyə görə çox təşəkkür edirəm. Amma federasiyalara və MOK-a müraciət etmək istərdim: Mən, İrina Kindzerska və Mariya Stadnik sizin idmançılarıq, illərdir Azərbaycanı təmsil edirik. Bütün yarışlarda bayraq qaldırır, yüksək nəticələr göstərir, Azərbaycanın şərəfini qoruyuruq. İndi bizə sizin köməyiniz və dəstəyiniz lazımdır. Xahiş edirəm, kənarda qalmayın. Hazırda humanitar yardımın toplandığı barədə idman ictimaiyyətini məlumatlandırın. Köməklik etmək istəyən çoxlu insan var. Sadəcə, bunu necə etməli olduqlarını bilmirlər. Ukraynanın Azərbaycandakı səfirliyinin önündə humanitar yardım mərkəzi fəaliyyət göstərir. Yardımın toplanması həftəsonunadək davam edəcək. Fikrimcə, köməklik göstərə biləcək daha çox insan var. Çox sağ olun".
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 61 kq-dan yuxarı çəki dərəcəsində gümüş mükafatçısı olan İrina Zaretska həm də 68 kq çəkidə 2 qat dünya və Avropa çempionudur. O, İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğuda 2021-ci ilin ən yaxşı idmançısı seçilib.
Mariya Stadnik dördqat olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionudur.
İrina Kindzerska isə Tokio-2020 Yay Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının, Böyük Dəbilqənin mükafatçısı, Qran-prilərin üçqat qalibidir.