Milli Paralimpiya Komitəsin (MPK) və “Motivator Azerbaijan”ın birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib.
MPK-dan "Report"a verilən məlumata görə, layihə çərçivəsində Vətən müharibəsinin qaziləri ilə ilk görüş keçirilib. Layihənin məqsədi Vətən müharibəsi qazilərinin idmana cəlb edilməsi, gənclərin qarşılarına qoyduğları məqsədə doğru irəliləməsində, sağlamlıqla olan problemlərə və əlilliyə baxmayaraq ruhdan düşməmələri üçün dəstək olmaqdır.
İlk növbədə görüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Rəşadətli Azərbaycan Ordusuna xalqımıza bəxş etdiyi qələbə sevincinə görə təşəkkür ediblər. Onlar qazilərimizi Vətən müharibəsindəki tarixi qələbə münasibətilə təbrik edərək, rəşadətli Ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq olduğunu vurğulayıblar.
Komitənin vitse-prezidenti İlham Zəkiyev bildirib ki, müharibə zamanı əlillik alan şəxslər bu günə qədər də MPK-nın milli komandalarının tərkibində iştirak edib, ölkəmizi beynəlxalq arenada böyük uğurla təmsil edirlər. Onların sırasında güllə atıcılığı üzrə komandanın baş məşqçisi Əkbər Muradov, həmin komandanın üzvü Elşən Cəbiyev, kamandan oxatma üzrə milli komandanın baş məşqçisi İlqar Abbasov kimi Qarabağ müharibəsi qaziləri var.
Baş katib Kamal Məmmədov bildirib ki, sağlamlıq imkanları məhdud olan qazilər Paralimpiya hərəkatına qoşularaq beynəlxalq arenada ölkəmizi təmsil edə bilərlər. K.Məmmədov yaxın gələcəkdə işğaldan azad edilmiş torpaqlarda, doğma Şuşada keçiriləcək mötəbər turnirlərdə qazilərin də iştirak edəcəyini və onların müharibə zamanı dalğalandırdığı şanlı bayrağımızı bir daha zirvələrə ucaldacaqlarına əmin olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərin sosial problemlərinin həlli üçün böyük işlər görülür. Növbəti görüşlərə nazirliyik nümayəndəsi dəvət olunacaq.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov qazilərin idmana cəlb edilməsi ilə bağlı aparılan işləri yüksək qiymətləndirib. F.Mansurov qeyd edib ki, MPK 25 il ərzində böyük uğurlara imza atıb. O, Gənclər və İdman Nazirliyinin daim MPK-ya dəstək olacağını vurğulayıb.
“Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov öz növbəsində Paralimpiya hərəkatına qoşulan qazilərin digər əlilliyi olan şəxslərə motivasiya verdiklərini vurğulayıb. O, qeyd edib ki, bu gün start verilən layihə uzunmüddətli olacaq və qazilərin paralimpiya hərəkatına cəlb edilmələrində daim MPK-nin yanında olacaq.
Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Fərhad Acalov MPK və “Motivator Azerbaijan” layihəsinin təşəbbüsünü yüksək qiymətləndirib qeyd edib ki, qazilər Paralimpiya hərəkatına qoşularaq peşəkar məşqçilərin köməyi ilə qısa bir zamanda müxtəlif idman növlərində uğurlara imza ata bilərlər.
Komitənin güllə atıcısı, aprel döyüşlərinin qazisi Elşən Cəbiyev yaralandıqdan sonra Paralimpiya hərəkatına qoşularaq idmançı kimi xidmətini idman arenalarında davam etdirdiyini söyləyib və Vətən müharibəsinin qazilərinidə bu hərəkata qoşulmağa çağırıb.
Dövlətin şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən qazilər qələbəyə güclü lider, xalqın birlik və həmrəyliyi sayəsində nail olduqlarını vurğulayıblar. Onlar Paralimpiya hərəkatına qoşularaq idman vasitəsilə ölkəni beynəlxalq arenalarda təmsil etməyə hazır olduqlarını bildiriblər.