"Neçə ildir, paralimpiadaya hazırlaşırdıq. Yarışa yaxşı əhval-ruhiyyədə yollanmışdıq".
Bu fikirləri "Report"a açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan paracüdoçusu Xanım Hüseynova Bakıdakı qarşılanma zamanı deyib.
63 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa çox yaxşı hazırlaşdığını bildirib: "Çempion olacağıma inanırdım. Bizim ölkəyə yalnız qələbə yaraşır".
70 kq-dan yuxarı çəki dərəcəsində çempion olan Dürsədəf Kərimova sevincli və qürurlu olduğunu söyləyib: "Sevincliyəm ona görə ki, idman karyeramın ən yüksək zirvəsinə qalxmışam. İdmanda bundan böyük uğur yoxdur. Qürurluyam ona görə ki, Tokioda dəfələrlə bayrağımız dalğalanıb, himnimiz səslənib. Biz qalib ölkənin qalib idmançılarıyıq. Bütün qələbəni şəhidlərimizə və qazilərimizə həsr etmişik".
Kərimova bacısı Xanım Hüseynova ilə birlikdə qızıl medal qazanmasına da toxunub: "Olimpiya kəndində onunla bir otaqda qalırdım. İlk gün bacım çıxış edəndə sevincdən və həyəcandan çox ağlamışdım. Bu, mənim üçün böyük motivasiya idi. Səhərədək onun medalı əlimdə oldu. Özümə dedim ki, mən də bunu qazanmalıyam. Düşündüm ki, anamı mütləq sevindirməliyəm və ikimiz də çempion kimi qayıtmalıyıq. Biz öz misiyamızı yerinə yetirdik".
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan digər paracüdoçu Sevda Vəliyeva (52 kq) da sevincli olduğunu bildirib: "Ab-hava möhtəşəm idi. Tokioya inamla yollandıq və qələbə ilə Vətənə qayıtdıq. Bunu gözləyirdik. Hər gün iki dəfə ölkəmizin bayrağı dalğalanır, himni səslənirdi. Bu anları heç vaxt unuda bilmərəm. Komandamızın digər idmançılarına da uğurlar arzulayıram. Qələbə qazanacağıma şübhə etmirdim. Finaldakı rəqibim güclü idi. Amma qalib gələcəyimi hiss edirdim".