"Antidopinq qayda pozuntusunu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələri ləğv edilməli və müvafiq olaraq medallar geri alınmalıdır. Bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmançıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir".
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu barədə bütün aidiyyəti respublika idman federasiyalarına göndərilmiş məktubda bildirilir.
Qeyd olunur ki, dopinq nəzarətinin əsas məqsədi idmanda ədalət prinsipinin təmin edilməsi, təmiz idmanın və idmançıların hüquqlarının qorunmasıdır: "Hər hansı idmançının qadağan edilmiş maddə və ya üsullardan yararlanmaqla, əldə etdiyi nəticələr idmanda ədalət və bərabər imkanlar prinsipinin, habelə yarışlarda iştirak edən digər idmançıların hüquqlarının pozulmasıdır. Bu cür hallarla ciddi mübarizə aparmaqla yanaşı, yarışlarda iştirak edən digər idmançıların hüquqlarının bərpası vacib məsələlərdən biridir. Bu, yarışlarda iştirak edən digər idmançıların karyerası, idman reytinqi və beynəlxalq yarışlarda iştirak imkanları baxımından əhəmiyyətlidir. Bu səbəbdən, qadağan edilmiş maddə və ya üsullardan istifadə edən idmançıların antidopinq qayda pozuntusu törətdikləri yarışlarda əldə edilən nəticələri ləğv edilməli və rotasiya qaydasında sıralama yenidən tərtib olunmalıdır".
2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.
Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.
Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar siyahısı:
Həsənbəy Həsənzadə |
+109 kq |
2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı |
I yer |
Vasif Səfərov |
+109 kq |
2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı |
II yer |
Orxan Zeynalov |
81 kq |
2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı |
II yer |
Vüqar Şirinov |
52 kq |
2019-cu ildə sambo üzrə Azərbaycan kuboku |
I yer |
Aliyə Müslümova |
78 kq |
2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi |
II yer |
Jalə Bayramova |
2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı |
I yer |
|
Kamran Orucov |
63 kq |
2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempion |
III yer |