Zemfira Meftahəddinova: "Fərq etməz, yetər ki, hədiyyə olsun" - MÜSAHİBƏ

Zemfira Meftahəddinova: "Fərq etməz, yetər ki, hədiyyə olsun" - MÜSAHİBƏ "İndiki məqamda olimpiadaya gedib mübarizə aparmaq böyük qəhrəmanlıq tələb edir. Pandemiya ilə bağlı qaydalar sərtləşdirilib"
Fərdi
8 Mart , 2021 19:25
Zemfira Meftahəddinova: Fərq etməz, yetər ki, hədiyyə olsun - MÜSAHİBƏ
Zemfira Meftahəddinova

Stend atıcılığı üzrə 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qızıl medalçısı, ikiqat dünya və üçqat Avropa çempionu, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinovanın "Report"a müsahibəsi

- Əvvəlcə sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Sizin üçün bu bayram hansı mənanı ifadə edir?

- Təbriklərə görə çox sağ olun. 8 Mart - qadınların ən sevimli bayramıdır. Mən bütün bayramları qeyd etməyi xoşlayıram. Əsas odur ki, bayram olsun (gülür).

- Qadınlara nə arzu edərdiniz?

- İlk növbədə, can sağlığı, xoşbəxtlik, rifah və sevinc arzu edirəm. Subaylara ailə qurmağı və xoşbəxt olmağı diləyirəm. Biz analar, nənələr də hər zaman onlara baxıb sevinək.

- Yəqin ki, hər bir xanım kimi hədiyyə almağı sevirsiniz...

- Bəli, əlbəttə. Mənim üçün hədiyyənin böyüyü - kiçiyi olmur. Bu, adi gül də ola bilər, başqa dəyərli əşya da. Kişidən asılıdır. Qadınlar daha çox gül xoşlayır. Mənim üçün fərq etməz. Yetər ki, hədiyyə olsun (gülür).

- Bayramı necə qeyd edəcəksiniz?

- Hazırda ailə üzvlərimlə birlikdəyəm. Bir oğlum, bir qızım və bir nəvəm var. Çox güman ki, bayramı onlarla birgə evdə qeyd edəcəyik.

- Çalışdığınız polis sistemində qadın idmançılar varmı?

- Xeyr, idmançı olmasa da, xanım işçilər var. Polis sistemində çalışan qadın idmançılar isə kifayət qədərdir. Sadəcə, onlar tanınmış deyillər, respublika səviyyəli və beynəlxalq turnirlərin qalibləridirlər, olimpiya, dünya və ya Avropa çempionu deyillər. Əsasən cüdo, atıcılıq növlərindədirlər. Təəssüf ki, adlarını və dəqiq saylarını deyə bilməyəcəm.

- Tokio olimpiadasında idmançılarımızdan nə gözləyirsiniz?

- İlk növbədə, ənənəni pozmasınlar. Atlanta olimpiadasından 1 medalla qayıtmışdıq. Namiq Abdullayev qızıla bərabər medal qazanmışdı. Rio-2016-da isə 18 medal əldə etdik. Sayı daha da artırmalıyıq. Nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu, mənim arzumdur. Amma nəzərə alaq ki, budəfəki olimpiada bir qədər çətin olacaq. Əsas can sağlığıdır. İndiki məqamda ora gedib mübarizə aparmaq böyük qəhrəmanlıq tələb edir. Pandemiya ilə bağlı qaydalar sərtləşdirilib. İdmançılarımıza sağ-salamat gedib qayıtmaları və orada uğurlu çıxışla xalqımızı, cənab Prezidentimizi sevindirmələrini arzu edirəm.

- Atıcılıq üzrə Azərbaycanın yeganə olimpiya çempionusunuz. Yerli idmançılardan kimi öz davamçınız olaraq görürsünüz?

- Olimpiada öncəsi yarışlar var idi. Bilirsiniz ki, turnirlərdə iştirak etdikcə təcrübə artır. Təəssüf ki, lsenziya yarışları təxirə salındı. Stend atıcılığı üzrə olimpiadada çıxış edə biləcək idmançılarımız var. Güllə atıcılığında Ruslan Lunyovu qeyd edərdim. O, artıq Oyunlara lisenziya qazanıb. Həmçinin iddialı xanım idmançılarımız da var.

- Azərbaycan qadınlarına arzularınız nədir?

- Qarşıdan Tokio Yay Olimpiya və Paralimpiya Oyunları gəlir. Qadın idmançılarımıza böyük nailiyyətlər arzu edirəm. Fürsətdən istifadə edib, başda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva olmaqla, bütün xanımlarımızı ürəkdən təbrik edirəm. Hamısına can sağlığı, xoşbəxtlik arzu edirəm. Qoy, həmişə yaz əhval-ruhiyyəsində olsunlar.

Son xəbərlər

Orphus sistemi