İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2021" layihəsində "9 Böyük" adlı mükafatlandırma mərasimi keçirilib.
"Report" xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə 7 nominasiya üzrə və 2 xüsusi mükafat sahibini tapıb.
Öncə İAM-ın sədri Elşən Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və mükafatlandırma mərasimində iştiraka görə təşəkkürünü bildirib.
O, tədbirin “Azfar Group” şirkətinin baş sponsorluğu, “ILAzero” şirkətinin sponsorluğu, “Report” agentliyinin informasiya, Bakı Olimpiya Stadionunun təşkilati dəstəyi əsasında gerçəkləşdiyini söyləyib.
Məmmədovun sözlərinə görə, bu dəfə hərəsindən bir idman jurnalisti olmaqla, 55 Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında aparılmış sorğu nəticəsində 7 nominasiya üzrə qaliblər müəyyənləşib, eyni zamanda İAM-ın 2 xüsusi mükafatı təqdim olunacaq: “9 rəqəmi komanda idman növlərində, xüsusən futbolda çox nüfuzlu forma nömrəsi sayılır. 9 nömrəli formanın sahibi əksər hallarda hücumçu olur. Artıq əminliklə demək olar ki, Azərbaycan hər sahədə hücumçu mövqeyindədir. 2020-ci ildə Azərbaycan Ordusu əks-hücuma keçərək, hərbçilərimizin böyük şücaətləri, qanları və canları bahasına işğal altındakı torpaqlarını azad etdi. Tarixi zəfərimizdən sonra da erməni ara-sıra erməni təxribatları davam etdi. Müzəffər Ordumuz onlarla döyüşlərdə və təlimlərdə şəhidlər verdi. Bu il idman ictimaiyyətinin bir sıra nümayəndələri, o cümlədən, gənclər və idman naziri Azad Rəhimovla tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu dünyasını dəyişib. Ötən gün isə ümummilli lider Heydər Əliyevin anım günü idi".
Daha sonra bir dəqiqəlik sükut elan olunub. Ardınca İAM-ın sədri bu il Azərbaycanda olimpiya çempionunun olmadığını və futbol üzrə milli komandanın rəsmi oyunlarda qələbə qazanmadığını xatırladıb: “Əvəzində Paralimpiya Oyunlarında 14 qızıl medal qazandıq, futbol üzrə Avropa çempionatının 4 oyununu Bakıda yüksək səviyyədə təşkil etdik və “Qarabağ”ın timsalında ilk dəfə avrokubokların qrup mərhələsini uğurla adlamağı bacardıq. Futbol millimiz və olimpiyaçılarımızın istənilən nəticəni göstərə bilməməsini bir çox səbəblə əlaqələndirmək olar. Bunlardan biri də pandemiya üzündən hazırlıq üçün lazımi şəraitin olmamasıdır".
Məmmədov hazırkı şəraitdə belə genişmiqyaslı mükafatlandırma mərasimini gerçəkləşdirməyin asan olmadığını sözlərinə əlavə edib: “Ötən il pandemiya və Vətən müharibəsi şəraitində idman yarışları demək olar ki, keçirilməmişdi. Ona görə də 2020-ci il tədbirimizi Vətən müharibəsində vuruşan, canlarından keçən, Ordumuza maddi və mənəvi dəstək olan, yarış meydanlarında ermənilərə qalib gələn idmançılara həsr etdik. Bu il isə koronavirusla əlaqədar karantin qaydalarına riayət etməklə, hazırkı tədbirimizi gerçəkləşdirməkdəyik”.
"Azfar Group" şirkəti haqqında məlumat verildikdən sonra şirkətin gördüyü işlərdən ibarət qısa video-çarxı nümayiş olunub. Daha sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov səhnəyə dəvət olunaraq “Azfar Group”un baş direktoru Taleh Nəsibova xüsusi mükafatı verib.
Nəsibov bütün tədbir iştirakçılarını salamlayıb və İAM-a xüsusi təşəkkür edib: "Bu tədbirin bir parçası olmaq bizi sevindirir. Bütün işləri 13 il ərzində görmüşük. “Zirə” Futbol Klubunun təsisçisiyik. Fəxri prezident Orxan Məmmədovun bizə və futbolumuza diqqətini də vurğulamalıyıq. Fürsətdən istifadə edib “Qarabağ” klubunu da təbrik edir və gələcək oyunlarda uğurlar arzulayıram. Dövlətimizə, nazirliyə, AFFA-ya və milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədova təşəkkür edirəm”.
Abbasov da öz növbəsində təltif olunacaq şəxsləri təbrik edib: "İdman Azərbaycanda dövlət siyasətidir. Hər idmançının uğuru ölkəmiz üçün önəmlidir. İl ərzində ölkəmizin bayrağını qaldıran bütün Azərbaycan idmançılarına təşəkkür edirəm. Uğurları davamlı olsun. 44 günlük Vətən müharibəsində idmançılar da iştirak edib. Təəssüflər olsun ki, qalibiyyət şəhidlərsiz başa gəlmir. İdman ictimaiyyətinə də çox sağ olun deyirəm".
Ardınca Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, əməkdar jurnalist Qabil Mehdiyev "İl Azero"nun nümayəndəsinə plaketi təqdim edib.
Qabil Mehdiyev 2021-ci ilin Azərbaycan idmanı üçün zəngin olduğunu vurğulayıb: "Olimpiya və Paralimpiya Oyunları bu ilə təsadüf edib. "Qarabağ"ın uğurlarını da qeyd etmək lazımdır. İdman mediamız həmişə aktivdir. Bu sahənin jurnalistləri də hər zaman aktiv olublar".
AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov 2017-ci ildən mükafatlandırma mərasimlərinə ev sahibliyi edən Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevə təşəkkür plaketini verib.
"İlin Qalibləri" layihəsinə 8 ildir "Report" İnformasiya Agentliyi dəstək verir. Agentliyin baş redaktoru Murad Əliyev də öz təəssüratlarını bölüşüb: "Bu mükafatlandırma hər il daha böyük nüfuza sahib olur. Bunun da səbəblərindən biri layihə çərçivəsində səsvermədə ölkənin bütün idman mediasının iştirak etməsidir. Bizim idman jurnalistlərimizin obyektivliyinə isə şübhə yoxdur”.
Azərbaycanda bu günlərdə “Media haqqında” yeni qanun layihəsinin müzakirə olunduğunu vurğulayan M.Əliyev idman mediasının da vaxtaşırı qaldırdığı bir sıra problemlərin qanunun qəbul olunmasından sonra öz həllini tapacağına ümidvar olduğunu bildirib.
Daha sonra Fanat.az saytı və Azad Azərbaycan telekanalı bütün qalibləri düzgün tapdıqları üçün mükafatlandırılıblar. Onlara "IlAzero"dan geyim hədiyyə olunub.
Ardından nominasiyalar üzrə qaliblər açıqlanıb. İlk olaraq, İlin İdman Xadimi nominasiyasında qalib olan Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti “Şöhrət” ordenli İlqar Rəhimov təltif olunub.
Onu Milli Olimpiya Komitəsinin vitse-prezidenti, sərbəst güləş üzrə dünya və ikiqat Avropa çempionu Xəzər İsayev təltif edib.
İsayev Azərbaycanda idmanın geniş inkişaf etdiyini söyləyib: "Nəticəni əldə etmək lazımdır. Olimpiadada qızıl medal əldə edə bilməsək də, başqa nailiyyətlərə yiyələndik. Paralimpiyaçılarımız Tokioda 14 qızıl medal qazandı. 2021-ci ildə dünya və Avropa çempionatlarında qızıl medal əldə etmişik. İAM-ın tədbirlərində bir neçə dəfə iştirak etmişəm. Günü-gündən inkişaf edirsiniz. Sizə böyük uğurlar arzulayıram".
Ardınca İlqar Rəhimov haqqında video-süjet nümayiş etdirilib. Rəhimov bu mükafata görə idman ictimaiyyətinə təşəkkür edib: "Bu, təkcə mənim uğurum deyil, Milli Paralimpiya Komitəsinin nailiyyətidir. Paralimpiyaçılarımız Tokioda fantastik nəticələr göstərərək böyük uğur qazanıblar. Bu, böyük məsuliyyətdir və qələbədir. 2024-cü il Paris Yay Paralimpiya oyunlarında əvvəlki nəticəni təkrarlamaq istəyirik. Yaxşı ki, paralimpiada bu ilə təxirə salındı. Çünki 2021-ci ildə paralimpiadaya qalib ölkənin nümayəndələri kimi getdik. Paralimpiyaçılar "Qarabağ"da dalğalanan bayraqlardan biri ilə Tokioya yollanmışdılar. Qələbələr münasibəti ilə sizin hamınızı təbrik edirəm".
İlin İdman Yarışı nominasiyasının qalibini elan etmək üçün Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli səhnəyə dəvət olunub.
O, mərasim iştirakçılarını salamlayıb və Azərbaycan cüdoçularının təlim-məşq bazasının bu stadionda olduğunu xatırladıb. Məmmədli Azərbaycan millisinin və "Qarabağ" klubunun oyunlarını Bakı Olimpiya Stadionunda izlədiyini də xatırladıb. Daha sonra tanınmış cüdoçu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova AVRO-2020-nin 4 oyunu ən yaxşı idman yarışı seçildiyi üçün mükafat verib.
Məmmədov bunun Azərbaycanın futbol ailəsinin mükafatı olduğunu deyib: "İlk mərhələdə yarış 13 şəhərdə təşkil olunmalı idi: "İki şəhər bu hüquqdan məhrum qaldı. Əslində Avropa çempionatı çox gözəl təşkil edildi. Böyük futbol bayramının şahidi olduq. Bakıda tək qrup mərhələsi deyil, 1/4 final oyunu da gerçəkləşdi. Dövlət qurumlarına təşəkkür edirəm. Dövlətimiz həmişə yanımızda olub".
AFFA rəsmisi UEFA Konfrans Liqasının pley-offuna vəsiqə qazanmış "Qarabağ”ı təbrik edib: "Azərbaycan futbolunda tarix yazırlar. İnanıram ki, "Qarabağ" yeni rekordlara imza atacaq. İlqar Rəhimova müraciət edib demək istəyirəm ki, o, müzəffər Zəfər bayrağını müvəqqəti olaraq bizə verərsiniz. Bəlkə yığmamız uğur qazana bildi (gülür)".
İcraçı vitse-prezident İAM-ın tədbirinə ilk dəfə qatıldığını xatırladaraq, sponsorlar taparaq, yüksək səviyyəli tədbir təşkil etdiyi üçün təşkilatın sədrinə təşəkkür edib. O, Azfar kimi sponsorların sayəsində idmanın da inkişaf edəcəyini vurğulayıb.
Yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru vəzifəsinə yenicə təyin olunmuş Fərid Mansurov ilin idmançısını elan edib.
O, təqdimatdan öncə öz fikirlərini söyləyib: “Bu cür tədbirlər idman ictimaiyyətinə stimul verir. Bütün qalibləri təbrik edirəm. Karate olimpiya proqramına salınıb. Karateçilərimiz Tokio-2020-də 7 medaldan 2-ni qazandılar, yəni 2 gümüş medal əldə etdilər. İlin İdmançısı adına kimi layiq gördüyümə gəldikdə, gender bərabərliyini üstün tuturam və İrina Zaretskanı fərqləndirirəm. Yəqin ki, güləşçi Rafiq Hüseynov məndən inciməz".
Mansurov Zaretskanın ilin idmançısı seçildiyi zərfi açıb. Beləliklə, dünya və Avropa çempionu, olimpiadanın gümüş mükafatçısı İlin ən yaxşı idmançısı adına layiq görülən ilk xanım idmançı olub. Karateçi mərasimdə iştirak edə bilmədiyi üçün Mükafatı Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qəbul edib.
Bəşirov 43 il bu idman növündə olduğunu xatırladıb: "Həyəcanlıyam, ilk dəfədir ki, sizin tədbirdəyəm. Bütün mükafatçıları təbrik edirəm. Biz dünyada idman ölkəsi kimi tanınırıq. Bu il karateçilərimiz üçün uğurlu olub. Təəssüf ki, olimpiadada qızıl əldə edə bilmədik. Lakin buna çox yaxın idik. Çalışarıq ki, növbəti idman yarışlarında uğur əldə edək. Titullu idmançımız Rafael Ağayevi yaddan çıxartmamalıyıq. Komanda yarışında bürünc medal qazananda Ağayev bütün görüşlərdə qələbə əldə edib. Bundan sonra da uğurlarımızın çox olmasını istəyirəm".
Daha sonra Milli Məclisin deputatı, Parlamentin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov səhnəyə dəvət olunub. Cəfərov mükafatçıları, “Qarabağ” komandasını və paralimpiyaçıları təbrik edib. O, Gəncədə futbolla bağlı işlərin görüldüyünü və AFFA-nın icraçı prezidenti Elxan Məmmədovun bu şəhərə səfər etdiyini xatırladıb.
Səhnədə Zubirin təqdimat videosu nümayiş etdirildikdən sonra Cəfərov "Qarabağ"da çıxış edən Mərakeş əsilli fransalı yarımmüdafiəçiyə İlin Legioneri mükafatını təqdim edib. Zubir daha əvvəl də İlin Legioneri və mövsümün futbolçusu seçildiyini xatırladaraq, üçüncü dəfə qalib olmaqdan məmnunluq ifadə edib: "Bu mükafatı qazanmaq üçün əziyyət çəkmişik, çox işləmişik. Bu, mənim komanda yoldaşlarımın da uğurudur. Başda klub prezidenti, baş məşqçi olmaqla, sabiq kapitanımız Rəşad Sadıqovu da qeyd etmək istərdim. Bu kluba gələndə o mənim kapitanım olub. Konfrans Liqasında mümkün qədər irəliləməyə çalışacağıq”.
Təcrübəli oyunçu İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyununda vurduğu qolun qeydə alınmamasına da toxunub: "Həmin anda çaşqınlıq içində idim. Nə baş verdiyini anlamağa çalışırdım. Bütün hakimlərin görməməsini və qolun sayılmamasını ədalətsizlik hesab edirəm".
Bu gün keçiriləcək pley-off mərhələsinin püşkatması barədə də danışan Zubir əsas məqsədlərinin növbəti raunda adlamaq olduğunu söyləyib: "Rəqib bizim üçün o qədər də önəmli deyil. Yaxşı oyun göstərməliyik".
"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov İlin Futbolçusunu elan etmək üçün səhnəyə çağırılıb. O, hamını salamladıqdan sonra tədbirin möhtəşəm olduğunu söyləyib: "Bir az həyəcanlıyam. İdmanımızın möhtərəm şəxsləri buradadır. Bütün idman ailəmizi təbrik edirəm. Əvvəl idmançı idik, indi isə mütəxəssisik. 30 il müddət ərzində bizim idmanımız böyük uğurlara imza atıb. Bəzən baxırsan ki, olimpiadanın builki nəticələrinin uğursuz olduğunu söyləyirlər. Mən belə düşünmürəm. Olimpiadada uğurla çıxış etmişik. İdmançılarımız istədikləri kimi yarışa hazırlaşa bilməyib. Hamı bilir ki, məşqlərdən bir müddət uzaq qalmaq idmançıya necə təsir edir. Aparıcı idmançılarımız var ki, olimpiadaya qatılmayıb. Buna baxmayaraq, olimpiya yığmamız sonadək vuruşub. Mənə görə komandamız əlindən gələni sonadək edib. 3 idmançımız finala yüksəldi. Paralimpiyaçılarımız Tokioda 14 medal qazanıb, “Qarabağ” UEFA Konfrans Liqasında qrupdan çıxıb. Bu, mənim də arzum idi. Amma qismət olmadı. Buna baxmayaraq hamı kimi sevindik. İdmandakı uğurlar 30 ildə görülən işin nəticəsidir".
İlin Futbolçusu üçün video-süjetin nümayişindən sonra R.Sadıqov qalib olan "Neftçi"nin kapitanı Emin Mahmudovu ürəkdən təbrik etdiyini vurğulayıb: "Emin qədər uğurlu mövsüm keçirən ikinci futbolçu tanımıram. O, həm “Neftçi”nin lideridir, həm də millinin aparıcısı futbolçusudur".
Ardınca Azərbaycan millisinin baş məşqçisi De Byazinin Emin Mahmudov haqqında təbrik videosu göstərilib.
"Neftçi"nin prezidenti Kamran Quliyev səhnəyə dəvət olunaraq, bütün qalibləri, o cümlədən, daxili yarışda rəqib olan “Qarabağ”ı da təbrik edib: "Möhtəşəm rekorda imza atıblar. Emin Mahmudov haqqında ayrı danışmaq istəyirəm. Bizim komandamızın bugünkü uğurunda pay sahibi olanlardan biri və demək olar ki, başlıcası Emin Mahmudovdur. İnanıram ki, sonrakı futbolçular da səndən öyrənəcək. Bu nominasiyada qalib olduğun üçün səni ürəkdən təbrik edirəm".
Mahmudov öz növbəsində seçildiyi üçün jurnalistlərə minnətdar olduğunu deyib: "Məni seçdiyiniz üçün çox sağ olun. İlk növbədə millidəki və klubdakı komanda yoldaşlarıma təşkkür edirəm. Onların da burada payı çoxdur. Çox sağ olun ki, məni seçmisiniz. Yığmanın baş məşqçisi Canni De Byaziyə mənə inandığına görə təşəkkür edirəm. Millidəki qollarım nəticəyə kömək etməyib. Gələcəkdə çalışacağam ki, daha yaxşı oynayım".
İlin Komandası mükafatını təqdim etmək üçün səhnəyə "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid dəvət olunub.
O, belə bir ada kimin layiq olduğunu zərfi açmadan öncə söyləyib. R.Məcid çıxışına idman jurnalistikasının əhəmiyyətini vurğulamaqla başlayıb: "Bu, ciddi sahədir. Mən ilin ən yaxşısı kimi “Qarabağ”a səs verərdim. Bu gün böyük hadisə baş verib. Tədbirdən əvvəl “Qarabağ” klubu Prezident İlham Əliyevlə görüşüb. Prezidentimiz “Qarabağ”ı həmişə uğur qazananda və haqsızlıqla üzləşəndə qəbul edib. Həmişə demişəm, milyonlarla təbliğat “Qarabağ”ın qələbələrini əvəz edə bilməz. “Qarabağ”ın oyunçularından biri deyirdi ki, mən burada oynayanda özümü vətəndəki kimi hiss edirəm. Azərbaycan futbol tarixində “Qarabağ” kimi komanda, Qurban Qurbanov kimi baş məşqçi olmayıb".
Daha sonra İlin Komandası mükafatı "köhlən atlar"ın prezidenti Tahir Gözələ təqdim edilib. T.Gözəl belə gözəl tədbiri həyata keçirdikləri üçün təşkilatçılara təşəkkür edib: "Bu il hamımız üçün əlamətdardır - komandamız azad torpaqlarla meydana çıxdı. 8 dəfə ardıcıl avrokuboklarda oynamaqla Avropada ilk “18-lik”dəyik və bəzi nəhəng klubları geridə buraxmışıq".
Funksioner bildirib ki, bu, Azərbaycan üçün tarixi ildir: "Heç bir nəslimiz bu illəri yaşamayacaq. Uğurun ən böyük memarı Qurban Qurbanova və sabiq kapitanımız Rəşad Sadıqova təşəkkür edirəm. Rəşad bizim klubda çox əziyyət çəkib. Bütün mükafat qazananları təbrik edirəm. Zəfərin memarı, “Qarabağ”ın ən böyük dəstəkçisi Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu gün biz onunla klubumuza olan ədalətsizlikdən danışdıq".
O, İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyununda Abdullah Zubirin vurduğu qolun qeydə alınmamasına da toxunub: "İradə və səbirlə yolumuza davam edəcəyik. Biz bir ailəyik. Bu dəyərlər bizi hər yerə götürəcək. O epizodu hamımız gördük, Cənab Prezident demişkən, buna səhv demək olmur. Milyonlarla büdcəsi olan UEFA bu qolu görmür. Çox şərh vermək istəmirəm".
Son olaraq isə Milli Məclisin xanım deputatı Nigar Arpadarai İlin Məşqçisini açıqlamaq üçün səhnəyə buyurub: "Sahəmi bir qədər dəyişmişəm, amma idman ürəyimdədir. Bütün mükafatçıları təbrik edirəm. İdmanı daim izləyirəm. Amma futbolu bir o qədər də izləyə bilmirəm".
Arpadarai "Qarabağ" komandasına rəhbərlik edən Qurban Qurbanovu İlin Məşqçisi seçildiyini açıqlayıb: "Qurban müəllimi təbrik edirəm. Futbolu sevən bir çox insanın qəhrəmanı sizsiniz. Çox təəssüf ki, belə hallar olur. Uğurlarımız bəzi qurumları sevindirmir. Biz ötən il hər kəsə göstərdik ki, Azərbaycan öz torpaqlarını ala bildi. İdmançılarımız da qürurla çıxış edərək bizi təmsil edirlər".
Bütün qalibləri təbrik edən Qurban Qurbanov hamıya yarışlarda uğurlar arzulayıb: "Tədbirin əvvəlində “Qarabağ” haqqında çox danışıldı. Biz öz işimizlə məşğul olmalı və xalqımıza doğru və düzgün xidmət etməliyik. Sizin hər birinizə təşəkkür edirəm ki, mənim komandamı qalib kimi seçmisiniz. Torpaqlarımız geri qayıdandan sonra oyunçularımızı döyüşçü kimi görmüşük".
Qurbanovun sözlərinə görə, İlin Futbolçusu seçilən "Neftçi"nin kapitanı Emin Mahmudova daha əvvəl təklif göndəriblər: "Kamran Quliyevin açıqlamasından sonra inanmıram ki, yenidən bunu edək. Çünki Emin “Neftçi” üçün dəyərlidir. Amma yalan danışmayacağam: daha əvvəl onu komandada görmək istəmişik, lakin uğurlu alınmayıb".
Tədbirin sonunda Azərbaycan İdman İdman Jurnalistləri Federasiyasının komissiya üzvü, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev, səhnədə aparıcıya dəstək olan “Report” agentliyinin əməkdaşı Samirə Abdullayeva, İdman şöbəsinin müxbiri Təbriz Quliyev, agentliyin multimedia şöbəsinin əməkdaşı Məhəmməd Ağayev, könüllü Həşim Məmmədov təltif edilib və qaliblər səhnəyə çağırılıb, onlarla xatirə fotosu çəkdirilib.