Abdolbari Gözəl: "Qarabağ" çoxlarının gözünə batır" - MÜSAHİBƏ

Abdolbari Gözəl: "Qarabağ" çoxlarının gözünə batır" - MÜSAHİBƏ "Biz Azərbaycan mədəniyyəti və düşüncəsini xaricilərə təqdim edə bildik. Bu, bir oyundur. Savaş da olsa, bir qaydası olmalıdır. Biz haqsız qazanc istəmirik"
Futbol
12 Mart , 2022 10:15
Abdolbari Gözəl: Qarabağ çoxlarının gözünə batır - MÜSAHİBƏ

"Qarabağ" futbol klubunun sahibi və fəxri prezidenti Abdolbari Gözəlin "Report"a eksklüziv müsahibəsi

- Klubunuzun hazırkı durumunu necə dəyərləndirirsiniz?
- Komandamız çox gözəl fəaliyyət göstərir. Hazırda Azərbaycan Premyer Liqasının lideriyik, tarixdə ilk dəfə avrokubokların qrupundan çıxaraq, pley-off mərhələsinədək irəliləmişik. Baş məşqçimiz Qurban Qurbanov şəxsən səlahiyyətlidir, hər cür seçimləri özü edir. Gözəl insandır, niyyəti pakdır. Ümidvaram ki, arzu-istəyimizə yenə nail olacağıq.

- Lakin bu yolda süni maneələr də ortaya çıxır. UEFA Konfrans Liqasının qrup mərhələsinin İsveçrədə "Bazel"ə qarşı son tur matçında "Qarabağ"ın təmiz qolu sayılmadı. Belə bir qərarı necə şərh edərdiniz?
- Neçə ildir həlledici oyun kimi həssas nöqtəyə çatanda, təəssüf ki, bizi bu səddi keçməyə qoymurlar. Artıq birinci, ikinci deyil, üçüncü dəfədir. Buna cənab Prezidentin də reaksiyasını çox yüksək qiymətləndiririk. Hər kəs anladı ki, onlar "Qarabağ"ı həzm etmirlər. Lakin belə hallar bizə ruh düşkünlüyü verməməlidir. Təbii ki, onların işi bizi aşağı çəkməkdir. Biz isə istəsələr də, istəməsələr də, güclənərək, hədəflərimizə doğru getməliyik.

- "Marsel"ə qarşı Bakıda keçirilmiş pley-off mərhələsinin cavab oyununda futbolçunuz İbrahima Vadjinin qolu Qurban Qurbanovun müdaxiləsindən sonra ləğv olundu. Baş məşqçinin bu addımı dünya mətbuatında da böyük əks-səda doğurdu...
- Qurban Qurbanov orada çox insani davrandı. Bu, dünyaya, futbol cameəsinə bir dərs oldu. Bildilər ki, kişilik, mərdlik belə olar. Bizim bəzi qollarımızın sayılmamasına Avropada klublarının öz azarkeşləri belə, etiraz etmişdilər. "Bu qol "Qarabağ"ın haqqı idi, sayılmaması bizim haqsız qazancımızdır, lehimizə olan belə haqsızlığı istəmirik" deyirdilər. Biz Azərbaycan mədəniyyəti və düşüncəsini xaricilərə təqdim edə bildik. Bu, bir oyundur. Savaş da olsa, bir qaydası olmalıdır. Biz haqsız qazanc istəmirik.

- Bu rəqiblə Fransadakı ilk görüş isə erməni təxribatları ilə diqqət çəkdi...
- Onlar nələrsə etmək istəsələr də, bacarmadılar. Çünki Fransa dövləti çox ciddi tədbir görmüşdü. Təbii ki, "Qarabağ" çoxlarının gözünə batır. Bu klub qarabağlıları davamlı təmsil etdi, davamlı "Mən varam!", "Mən Azərbaycanam!" dedi. Bunlar həmin qüvvələrə çox mənfi təsir edib, zaman-zaman intiqam almaq istəyirlər.

- "Qarabağ" uzun müddətdir sabit çıxış edir. Klubunuzun gələcək inkişafı baxımından proqram qəbul olunubmu?
- Əlbəttə, ortaya proqram qoyulub. Amma şanssızlıqlarımız da olur. Bir çox futbolçumuzun, xüsusən, aparıcı legionerlərimizin zədələnməsi kimi hallar baş verir. Məsələn, bizdə braziliyalı hücumçu Reynaldo var idi. Çox böyük futbolçu idi. Amma uzunmüddətli zədə alması səbəbindən bəxtsizlik yaşadıq. Klub da insan həyatı kimidir: Yüksəliş və eniş dövrləri olur. O da insanlardan, canlılardan ibarətdir. Təbii ki, belə halların hər birinə qarşı tədbirlər görülür və bunları Qurban Qurbanov edir.

Son xəbərlər

Orphus sistemi