AFFA Ermənistan və Almaniyanın futbol üzrə milli komandaları arasında noyabrın 14-də İrəvanda keçirilən qarşılaşma zamanı ermənilərin törətdikləri təxribatla bağlı FİFA və UEFA-ya müraciət edəcək.
Bunu "Report"un sorğusuna cavab olaraq milli assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.
Onun sözlərinə görə, hər dəfə belə hal baş verəndə FIFA və UEFA-ya müvafiq müraciətlər göndərilir.
Qeyd edək ki, 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı ermənilər təxribat törədib. Azarkeşlər Azərbaycanın Qarabağ bölgəsində əvvəllər mövcud olmuş separatçı-terrorçu rejimin tör-töküntülərinin "bayrağ"ını açıblar.
Xatırladaq ki, İrəvandakı qarşılaşma Almaniya yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.