AFFA İntizam Komitəsi "Qarabağ" və "Zirə" klublarını cərimələyib.
"Report"un məlumatına görə, buna komandaların Premyer Liqanın XIII turunda öz aralarındakı oyun zamanı futbolçuların intizamsızlığı səbəb olub.
Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
"Zirə"nin heyətində isə Dmitrios Çantakias ikinci sarı vərəqə alaraq qovulub. Nəticədə müdafiəçiyə 1 oyunluq cəza verilib. Klub isə 200 manat cərimə ödəyəcək.
Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.