"Bu oyun bir neçə futbolçu üçün siqnal idi, növbəti mövsüm komandada qalmaq istəyirlərsə, digər matçlarda özlərini yaxşı tərəfdən göstərməlidirlər".
"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Keşlə"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis oyun haqqında çox geniş fikir bildirmək istəmədiyini söyləyib: "Həqiqətən bu gün rəqibdən zəif çıxış etdik. "Keşlə" daha istəkli idi. Düşündüyümüz şeyləri meydanda icra edə bilmədik. Erkən qol buraxdıq və sonradan görüşün gedişatını dəyişməyi bacarmadıq".
Hacıyev heyəti qurmaqda çətinlik çəkdiklərini vurğulayıb: "Qışdan sonra zədəli futbolçularımız çox olub. Bu gün qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşdüyümüz durumdan çıxmağa çalışacağıq. Çempionatın əvvəlindən durumumuz bəlli idi. Hər mövqedə rəqabət yaratmağa çətinlik çəkirik. Bu görüşü tez unutmalıyıq, rəqibi də qələbə münasibəti ilə təbrik edirəm. Ötən il əvəzedici heyətimiz olmayıb. Biz klubun ayaqda durması üçün çətinliklər çəkmişik. Hazırda elə gənc və hazır futbolçu yoxdur ki, ona şans verək. Əlimizdə 3-4 legioner var. Bəzi mövqelərdə yerli futbolçu da tapmaqda çətinlik çəkirik".