"Bu, mənim şəxsi düşüncəmdir: heyətindəki bəzi futbolçular "Neftçi"də oynamağa layiq deyillər".
Bunu "Report"a açıqlamasında AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Neftçi" və "Qarabağ" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XV tur oyunu barədə danışarkən deyib.
75 yaşlı mütəxəssis bildirib ki, həmin oyunçulara vaxt da verilsə, heç nə dəyişməyəcək: "Ağ-qaralar"ın yeni transferləri komandaya alışmayıblar. Bizdə belə bir ifadə var: Legioneri gətiririk və onun oyunu alınmayanda deyirik ki, hələlik uyğunlaşmayıb. Yerli, cavan futbolçu gətirəndə və o da özünü itirəndə deyirik ki, bu futbolçu hazır deyil. Fərqə baxın: o öyrəşməyib, bu, hazır deyil".
Azərbaycan millisinin sabiq baş məşqçisi "Neftçi"nin birinci və ikinci hissənin sonlarında yaxşı təsir bağışladığını sözlərinə əlavə edib: "Sanki komanda ikinci qolu buraxandan sonra ayıldı. İstədiyi oyunu sərgiləməyə başladı və qol epizodları yaratdı. Görüşün sonlarındakı - 20 dəqiqədəki oyunu genişləndirmək lazımdır".
Onun sözlərinə görə, "Neftçi"nin baş məşqçisi Samir Abasov ya hələlik istədiyi heyəti qura bilmir, ya da Samir Abasova vaxt lazımdır: "Abasov çalışır ki, komandası öz oyununu daha da təkmilləşdirsin, tam axtarıb tapa bilsin. Qış fasiləsinədək 5 müdafiəçi ilə oynayırdılar. Bu sistemin 4-lü müdafiə ilə fərqləri var. İndi bunları sadalamaq istəmirəm. "Qarabağ"la oyuna 4 müdafiəçi ilə çıxdılar. "Neftçi"nin orta xəttində müəyyən problemlər var. Əslində müdafiədə də problemlər mövcuddur. Uzağa getmək lazım deyil: Birinci qolda mərkəz müdafiəçilərindən biri Kadi Borgesin zərbəsində öz zonasından tez çıxmalı və topun qarşısını almalı idi".
Mircavadov "Neftçi"də hücumçu probleminin də olduğunu diqqətə çatdırıb: "Komandada oyunu həll edə bilən hücumçular yoxdur. Türkiyənin Antalya bölgəsindəki hazırlıq prosesini izləmişəm. Orada da qolların əksəriyyətini yarımmüdafiəçilər və müdafiəçilər vururdu. Qol vuran hücumçu tapmaq lazımdır, ondan əvvəl isə komandaya həmin forvarda imkanlar yarada biləcək yarımmüdafiəçi cəlb etmək önəmlidir. Qarşıda oyunlar var. Amma 14 xallıq fərq çoxdur. Çempionatımızda kiminsə "Qarabağ"ı büdrədəcəyi inandırıcı deyil".
"Neftçi"nin bu mövsüm çempionluq uğrunda mübarizə apara bilməyəcəyinə təəssüflənən veteran futbolçunun fikrincə, komandanın gələcək mövsümlər üçün potensialı var: "Burada başlıca amil, oyunçu seçimidir. Yarımmüdafiə xətti komandanın beynidir. Kollektivi bu mövqedəki futbolçular idarə edir. Qış fasiləsinədək "ağ-qaralar"ın orta xətti çox əla idi. Mamadu Kane, Sabir Buqrin və Emin Mahmudov birlikdə çox yaxşı oynayırdılar. Mahmudov bu oyunçularla çox rahat çıxış edirdi".
Sabiq baş məşqçi Azərbaycan derbisində meydanda göstərilən mübarizədən razı qaldığını söyləyib. Onun sözlərinə görə, hər iki komanda qalib gəlmək istəsə də, üstünlük "Qarabağ"ın tərəfində olub: "Ağdam komandasının oturuşmuş heyəti var və oyunçuların səviyyəsinə görə də rəqibindən üstündür. Matçda futbolçuların səviyyəsi və "Qarabağ"ın ağıllı oyunu qarşılaşmanın nəticəsini təyin etdi".
Təcrübəli mütəxəssis "Qarabağ"ın get-gedə artırdığını vurğulayıb: "Meydanda hər iki komandanın sürətli oyuna üstünlük verməsi çox xoşuma gəldi. Orta xətdə top az qalırdı və komandalar tez hücuma keçirdilər. Bu, çox yaxşı haldır. "Qarabağ"ın matçda son ölkə çempionundan üstünlüyü aydın görsənirdi".
Bununla yanaşı, Mircavadov "Qarabağ"ın müdafiə xəttindəki problemlərə və səhvlərə diqqət çəkib: "UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransada "Marsel"lə matçda bu səhvləri təkrarlamaq olmaz. Çemnpionat və avrokubok matçları arasında futbolçunun hazırlığı və düşüncəsinə görə çoxlu fərqlər olur. Avrokubokda motivasiya da tam fərqlidir. Bir sözlə, orada bu səhvlər olmamalıdır. Komanda bəzi epizodlarda sadə səhvlər edirdi".
Məşqçilər Komitəsinin üzvü "Qarabağ"ın yerli futbolçularından və ümumilikdə oyundan razılığını da dilə gətirib: "Qurban Qurbanov dünən bir neçə yerli oyunçunu da meydana buraxmışdı. Mərkəz müdafiəçisi Rahil Məmmədovu, yarımmüdafiəçi İsmayıl İbrahimlini, hücumçu Ramil Şeydayevi misal göstərə bilərəm. Hər iki kluba qarşıdakı matçlarda uğurlar arzulayıram. Amma dünənki görüş həqiqətən xoşuma gəldi. İstərdim ki, Premyer Liqamızdakı qarşılaşmaların əksəriyyəti bu tempdə keçsin və inkişaf olsun".
Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.