"Məncə, komandamız Fransada çox gözəl oynayacaq, onlara inanıram".
Bunu "Report"a açıqlamasında AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
75 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin cari mövsüm avrokuboklarda əla çıxış etdiyini bildirib. "Komanda evdəki matçlarınını necə keçirirdisə, səfərdə də eyni oyunu nümayiş etdirir. Bu, çox yaxşı amildir. Artıq "Qarabağ"ın imici artıb, heç kimdən də qorxmur, çəkinmir. Komanda hər zaman öz oyununu sərgiləyir və fevralın 17-də də belə olacaq. "Marsel" ona icazə verəcəkmi? Bu, başqa məsələdir. Məşqçilər korpusu artıq rəqibin oyununu təhlil edib. Baş məşqçi Qurban Qurbanov futbolçularla söhbət edib, onlara güclü və zəif cəhətlərini deyib. "Qarabağ" pley-offa çıxmaqla, istəyinə nail olub.
Mircavadov "köhlən atlar"ın qrup mərhələsində İsveçrə "Bazel"i ilə mübarizə apardığını xatırladıb: "Bazel" öz ölkəsinin tarixi klubudur. Səfərdə hesabda məğlub olsaq da, öz oyunumuzla onları udduq. Bəzi qol epizodlarından yararlana bilmədik, qolumuz hesaba alınmadı. Rəqib isə əlinə düşən fürsətlərdən istifadə etdi. Avrokuboklarda əlinə düşən fürsətdən istifadə etdinsə, qələbə qazanmaq ehtimalın yüksəkdir".
Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda olacaq.