"Hələ "Boluspor" klubundan ayrılmamışam. Planlarımı öncədən demək istəmirəm. Hər hansı yenilik baş verəcəyi təqdirdə, özüm ictimaiyyəti məlumatlandıracağam. Əvvəlcədən nə isə demək istəmirəm".
Bu fikirləri "Report"a açıqlamasında Türkiyənin "Boluspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Araz Abdullayev deyib. 29 yaşlı yarımmüdafiəçi Türkiyə klubundakı taleyinə aydınlıq gəlmədiyini söyləyib.
Abdullayev "Neftçi"nin Azərbaycan Premyer Liqasının qalibi olmasına da toxunub. O, hər iki klubda çıxış etdiyini xatırladıb: "Bu oyunu izləyirdim. "Neftçi" mənim uşaqlıq klubumdur, orada böyümüşəm. "Qarabağ" isə adımızdır. Həmişə demişəm: Kim güclüdürsə, o da qalib gəlsin. Çempion "Neftçi" oldu, mən də bu komandanı təbrik edirəm. Onlara Çempionlar Liqasında, "Qarabağ"a isə Konfrans Liqasında uğurlar arzulayıram".
Qeyd edək ki, Araz Abdullayev "Boluspor"a 2020-ci il sentyabrın 26-da keçib. O, klubla 1+1 illik müqavilə bağlayıb.