"Əvvəlcə epizodla bağlı mübahisəmiz düşdü. Mən cərimə zərbəsi gözləyirdim, o isə "foul" olmadığını dedi. Sonra üzərimə gələndə özümü qorumaq üçün başımı qabağa verdim".
Bu fikirləri "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın futzalçısı Felipinyo Kosovo "Ligeni"si ilə 6:6 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının əsas mərhələ matçında rəqib komandanın oyunçusu Arber Şkodra ilə arasındakı insident barədə danışarkən deyib.
Braziliyalı hücumçu bildirib ki, Şkodranın məqsədi həqiqətən də onu vurmaq olub: "Çünki təxribat olsaydı, başım ona dəyəndə yerə yıxılardı ki, qırmızı vərəqə alım. Amma o, bunun əksini etdi və mənə yumruq-təpik atdı. Sonrası hər kəsə məlumdur".
Felipinyonun sözlərinə görə, axşam hoteldə olarkən "Ligeni"nin baş məşqçisi Şpend Brahimi ona yaxınlaşaraq hər şeyin meydanda qaldigini söyləyib: "Emosional vəziyyət olduğunu bildirdi. Sonra dəfələrlə həmin futzalçı ilə üz-üzə gəlsək də, hansısa insident, münaqişə yasanmadı".
Qeyd edək ki, sözügedən hadisə matçın sonuncu - 40-cı dəqiqəsində baş verib. Felipinyo ilə Şkodra arasındakı mübahisə qəflətən əlbəyaxa davaya çevrilib və oyunçular bir-birilərinə zərbə endirməyə başlayıblar. Daha sonra Kosovo təmsilçisinin digər futzalçısı Anton Uka ayağı ilə braziliyalı forvardı vurub. Digər oyunçuların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Görüşün baş hakimi Kriştianu Xose Kardoso Santos davada iştirak etmiş hər 3 futzalçını qırmızı vərəqə ilə meydandan qovub.