Argentina milli komandasının keçmiş qapıçısını ABŞ-ın Şimali Karolina ştatının həbsxana cəzası gözləyir.
"Report"un məlumatına görə, sabiq qolkiper avtomobili ilə adam vurub. Nəticədə 56 yaşlı Xuan Riveroi yerindəcə keçinib.
Hüquq-mühafizə orqanları hadisənin səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar aparırlar. 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırılıb.
Qeyd edək ki, Pablo Kavalyero 1996 - 2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın "Veles Sarsfild" və "Union" (Santa-Fe), İspaniyanın "Espanyol", "Selta" və "Levante", həmçinin Uruqvayın "Penyarol" komandalarının formasını geyinib. Kavalyero millinin heyətində 2004-cü il Amerika Kubokunun gümüş medalını qazanıb. Hazırda o, "Veles Sarsfild"in idman direktorudur.