AVRO-2020: 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

AVRO-2020: 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi Futbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
Futbol
24 İyun , 2021 00:54
AVRO-2020: 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, F qrupunda keçirilən 2 oyundan sonra 1/8 finalın bütün iştirakçıları bəlli olub.

Almaniya millisi Münhen şəhərindəki eyniadlı stadionda Macarıstan yığması ilə qarşılaşıb. Rusiyalı referi Sergey Karasyov idarə etdiyi görüş 2:2 hesabı ilə başa çatıb. Oyunda ilk qolu macarlar vurublar. Adam Salai 11-ci dəqiqədə fərqlənib. Meydan sahibləri 66-cı dəqiqədə Kay Havertsin qolu ilə hesabı bərabərləşdirsə də, 2 dəqiqə sonra Andraş Şafer Macarıstanı yenidən önə çıxarıb. Matçda son nöqtəni isə 84-cü dəqiqədə Leon Qoretska qoyub. Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Bundestim 2-ci yerin sahibi kimi pley-offa yüksəlib. Macarıstan isə 2 xalla qrupda qalıb.

Növbəti mərhələyə vəsiqəni daha əvvəl təmin etmiş Fransa isə son Avropa çempionu Portuqaliya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Oyunda hesabı 31-ci dəqiqədə penaltidən Kriştianu Ronaldu açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kərim Benzema tarazlığı bərpa edib. İspaniya "Real Madrid"inin hücumçusu 47-ci dəqiqə dubl edib. Ronaldunun 60-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurduğu qol isə yekun hesabı müəyyənləşdirib. Bu nəticədən sonra Fransa qrupu 5 xalla zirvədə tamamlayıb. 4-cü xalını qazanan Portuqaliya isə ən yaxşı 3-cü yeri tutan 4 komandadan biri kimi qrupdan çıxıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları iyunun 26, 27, 28 və 29-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi