Futbol üzrə Avropa çempionatının C qrupunda II tura yekun vurulub.
"Report"un məlumatına görə, Niderland millisi Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya yığması ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.
Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.