Almaniyanın Münhen şəhəri futbol üzrə Avropa çempionatında əlavə oyunları qəbul etməyə hazırdır.
"Report"un məlumatına görə, bu barədə Bavariyanın baş naziri Markus Zöder DPA agentliyinə açıqlamasında deyib.
O, bildirib ki, İngiltərədəki epidemioloji vəziyyət növbəti matçların keçirilməsinə mane olarsa, qarşılaşmalara ev sahibliyi edə bilərlər: "İstənilən vaxt əlavə oyunun təşkilindən məmnun olarıq. "Alyans Arena" hər bir halda buna hazırdır. Pandemiya şəraitində UEFA-nın B planı olsaydı, daha yaxşı olardı".
Qeyd edək ki, Britaniyanın "Times" nəşri UEFA-nın Londonda nəzərdə tutulan yarımfinal və final matçlarının yerini Macarıstanın paytaxtı Budapeştə dəyişmək variantını nəzərdən keçirdiyini yazıb.