"Sevindirici haldır ki, Azərbaycanda Avropa çempionatının oyunlarına tribunaların tutumunun 50 faizi miqdarında azarkeşlərin gəlişinə icazə verilib".
"Report"un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İctimai televiziyada yayımlanan "Bol idman" verilişində deyib.
Funksioner bununla əlaqədar dövlət qurumlarına təşəkkür edib: "Bu, təbii ki, böyük nailiyyətdir. Koronavirusa yoluxma ilə bağlı müsbət dinamika müşahidə olunur. Biz son 15 ayda pandemiya ilə əlaqədar üzləşdiyimiz vəziyyəti nəzərə almalı və diqqətli olmalıyıq. Azarkeşlərdən məsuliyyətli olmalarını xahiş edirik. Əminəm ki, hər bir fanat bunu dərk edərək stadiona gələcəklər. Birlikdə böyük futbol bayramını izləyəcəyik".
Məmmədov hazırlıq işlərində hər şeyin qaydasında olduğunu vurğulayıb: "İki ildir bütün dövlət təşkilatları ilə əməkdaşlıq edirik. Hər birinə və könüllülərə də təşəkkürlərimi çatdırıram. Hazırda 2020 könüllü fəaliyyətdədir".
Assosiasiya rəsmisi AVRO-2020-də üzləşə biləcəkləri çətinliklər və risklər barədə də danışıb: "Təbii ki, yoluxma riskləri mövcuddur. Çünki komandaların nümayəndələri də koronavirusa yoluxa bilərlər. Bunları nəzərə alaraq tədbirlər görmüşük. Azarkeşlərin də yoluxma ehtimalı var. Xüsusən xaricdən gələn fanatların. Çünki bəziləri çarter yox, tranzit reyslərlə gələcəklər. Bununla da risk çoxalır. Koronavirus xəstələri üçün xüsusi məkan da seçilib. Belə hadisə baş versə, həmin azarkeşlər Atletlər Kəndində yerləşdiriləcək. Orada bir bloku rezerv etmişik. Bu, xüsusən xaricdən gələn azarkeşlər üçün nəzərdə tutulur. Təbii ki, bundan UEFA-nın, Azarkeşlər İttifaqının və fan klubların da xəbəri var. Əcnəbidirsə, Atletlər Kəndində yerləşdirəcəyik və öz hesabına karantin müddətində orada olacaq. Ümid edirəm ki, yoluxma olsa belə, çox az sayda qeydə alınacaq. Təki heç olmasın. Olsa belə, tədbirlərimizi görürük. Xaricdən gələn azarkeşlərə əlavə tələb qoyulub ki, hava limanında PCR testi istəsinlər. Testin cavabı neqativ olsa, onlar ölkəmizə daxil olacaqlar".
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.