UEFA Avropa Liqasının qrup mərhələsində III turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, Rusiyanın "Spartak" (Moskva) klubu C qrupunda İngiltərə "Lester"ini qəbul edib. Moskvadakı "Spartak" stadionunda oynanılan qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı meydan sahibləri açıblar. 11-ci dəqiqədə Aleksandr Sobolyov fərqlənib. 44-cü dəqiqədə Cordan Larsson fərqi 2 topa çatdırıb. Lakin "Lester" oyunda geridönüş etməyi bacarıb. Zambiyalı hücumçu Patson Daka 45-ci, 48-ci 54-cü və 79-cu dəqiqələrdə rəqib qapısına yol tapmaqla poker edib. 86-cı dəqiqədə Sobolyov dubl müəllifi olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Bu qalibiyyətdən sonra xallarını 4-ə çatdıran "Lester" 2-ci pilləyə yüksəlib. "Spartak" isə 3 xalla 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı başçılıq edir. 1 xalı olan İtaliya "Napoli"si isə sonuncudur.