UEFA Avropa Liqasında 1/4 finala yüksələn daha 2 komandanın adı müəyyənləşib.
"Report"un məlumatına görə, bunlar İngiltərə "Mançester Yunayted"i ilə İtaliya "İnter"idir.
"Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə yendiyi LASK klubunu evdə də məğlub edib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. 88-ci dəqiqədə isə Antoni Marsyal qələbə topunu vurub.
"İnter" isə neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniya "Xetafe"si üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. 83-cü dəqiqədə isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.
1/4 finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl "Kopenhagen" Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 3:0. Ukrayna "Şaxtyor"u isə Almaniya "Volfsburq"undan üstün olub - 3:1, 3:0. "Şaxtyor" 1/4 finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.