Niderlandın "Ayaks" klubu yeni transferi Sebastyan Alleni səhvən Avropa Liqasının matçları üçün iştirak ərizəsinə daxil etməyib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, klub UEFA-ya 25 futbolçudan ibarət siyahı göndərib.
İştirak ərizəsinə Kot d İvuardan olan 27 yaşlı forvardın adı daxil edilməyib. "Ayaks" hazırda bu səhvi aradan qaldırmağa çalışır.
Qeyd edək ki, Sebastyan Alle bu ilin yanvarında 22,5 milyon avro qarşılığında İngiltərənin "Vest Hem" klubundan "Ayaks"a keçib.
O, Amsterdam təmsilçisinin tarixində ən bahalı transferdir. Komanda Avropa Liqasının 1/16 finalında Fransanın "Lill" klubu ilə üz-üzə gələcək. İlk oyun fevralın 18-də, cavab qarşılaşması isə bir həftə sonra gerçəkləşəcək.