Ayxan Abbasov: "Bəlkə də vaxtı çatıb, getmək lazımdır"

Ayxan Abbasov: "Bəlkə də vaxtı çatıb, getmək lazımdır" "Qəbələ"ni təbrik edirəm. Mövsümə çox yaxşı başlayıblar. Evdə üstün oynayacaqlarını bilirdik. Buna hazır idik. Amma təəssüf ki, ikinci hissədə konsentrasiyanı itirdik və qapımızda qollar gördük. Bundan sonra hücuma atılıb qollar vurmaq istədik. Buraxılan
Futbol
21 Noyabr , 2021 18:22
Ayxan Abbasov: Bəlkə də vaxtı çatıb, getmək lazımdır

"Qəbələ"ni təbrik edirəm. Mövsümə çox yaxşı başlayıblar. Evdə üstün oynayacaqlarını bilirdik. Buna hazır idik. Amma təəssüf ki, ikinci hissədə konsentrasiyanı itirdik və qapımızda qollar gördük. Bundan sonra hücuma atılıb qollar vurmaq istədik. Buraxılan qollardan birinin əvəzini çıxsaq da, bərabərlik əldə edə bilmədik".

"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis məğlubiyyətin üzücü olduğunu bildirib: "Heyətdə itkilərimiz var idi. Bu oyundan sonra daha da çoxaldı. Ehtiyat qüvvənin az olması, rotasiyalar edə bilməməyimiz bizə çətinlik yaradır. Qarşıda qış fasiləsinədək 3 oyun var. Futbolçulara da dedim ki, təslim olmaq olmaz. Oynamaq lazımdır. Əvvəl də dediyim kimi, bura qalxmaq asandır. Amma qalmaq çətindir. Bəzi oyunçularımız mövsümün əvvəlində formada olmadılar. Zədələrə görə heyəti tam kompletkləşdirə bilmədik. Bəlkə də xeyirlisi budur. Amma bu gün əlimizdə olanlarla maksimum çıxış etməyə çalışırıq. Digər rəqiblər güclənib. "Qəbələ" 2 mövsümlük uğursuzluğa baxmayaraq təslim olmadı. Çempionata rəng qatırlar. Bu da bir nümunədir".

Hər zaman komandasının arxasında olduğunu söyləyən Abbasov qış fasiləsində istefa verə biləcəyini də istisna etməyib: "Özüm də çətinlik çəkirəm. Bəlkə də nələrisə dəyişmək, yaxud da vaxtı çatıb, getmək lazımdır. Qarşıdakı 3 oyunu da oynayıb bu barədə düşünəcəyəm. Hiss edirəm ki, bu komanda ilə maksimumu etmişik. Bundan artığını etməyə gücümüz yoxdur. Bizə yeni nəfəs lazım idi. Ona görə də qış fasiləsində rəhbərliklə görüşəcəyəm. "Sumqayıt"da böyük uğurlar qazanmışıq. Ehtiyac olarsa, müqaviləm var, davam edəcəyik. Amma bu cür davam etmək çox çətindir. Çünki elə mövqelərimiz var ki, orada oynatmağa futbolçumuz yoxdur. Gənclərə güvənirik. Lakin yuxarıda qalmaq üçün qüvvə lazımdır. Bu oyunçuların da üstündən xətt çəkə bilmərəm. Onlar 2 dəfə ölkə kubokunda final oynayıblar, bürünc medal qazanıblar".

Abbasov bunların vida sözləri olmadığını deyib: "Oyundan sonra çalışıram geniş danışım ki, azarkeşlər bizi başa düşsün. Çünki onlar komandanın daxilini bilmirlər və nəsə gözləyirlər. Bu, Ayxan Abbasovun maksimumu deyil, rəhbərliyə də mesaj vermirəm. Bəzi məsələlər var ki, rəhbərlikdən asılı deyil. Riad Rəfiyevlə ilk dəfə görüşəndə danışdıq ki, komandanı iddialı edək. Bunları birlikdə bacarmışıq. Çox çətin yollar keçmişik. İlk dəfə Avropa Liqasında oynayanda komandamızı çox futbolçu tərk etdi. Amma mən həmin vaxt "Sumqayıt"ı qoyub getmədim. Rəhbərliyə "çox sağ ol" borcum var idi, onu qaytardım. Yarımçıq alınmır. Qərar verməliyik: avrokuboklar üçün oynayırıqsa, bu yolu seçməliyik, ya da digər varianta üstünlük verməliyik. Bu gün rəhbərlik məndən avrokuboklara düşməyi tələb etmir. Sadəcə, özüm üçün çətindir. Bəzi futbolçuların fikirləri başqa yerdədir. Bəlkə də təklifləri var. Yeni oyunçular almaq üçün maliyyə lazımdır. Rəhbərliyin burada günahı yoxdur. Hələ burdayam, heç vaxt işdən qaçmamışam. Lakin gələcək üçün özümlə bağlı qərar verməliyəm".

Baş məşqçi komandanın kapitanı Vurğun Hüseynovun meydandan qovulmasına da toxunub: "Son müdafiəçilərin başına belə hallar gəlir. Diqqətli olmaq lazımdır. Rəqibin heyətində sürətli futbolçular var. Epizoda yenidən baxmalıyam. Qırmızı vərəqə tək bu oyunda deyil, digər matçlarda da bizə problem yaradır. Amma hadisə olur, heç kim bilərəkdən qırmızı vərəqə almır. Vurğun rəqibi yıxmasaydı, qapıçımız ilə üzbəüz qalacaqdı".

Abbasovun sözlərinə görə, məğlub olanda risk etmək lazımdır: "Hesab bərabər olanda meydana 2-ci hücumçunu buraxmışdım. Bundan sonra qol buraxdıq. Matçın sonlarında aktiv çıxış etdik. Bu gün 2 hücumçu ilə oynamaq istərdim. Lakin bunun üçün kənarlarda, orta xəttdə vəziyyət istədiyimiz kimi deyil. Buna baxmayaraq, hər zaman bu variantdan istifadə edirik. Bu gün də ilk hissədə oyunumuz pis alınmadı. Amma rəqib ikinci yarıya yaxşı başladı. Təzyiqin qarşısında çox top itirdik. "Qəbələ"nin bu cür hücumlarına hazır idik. Amma alınmadı".

Son xəbərlər

Orphus sistemi