"Məğlub olmaq çox üzücüdür. Çempionatın bu yerində xal lazım idi. Ruhdan düşməməliyik. Bilirsiniz ki, qarşıda hələ 3 dövrə var".
"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur matçından sonra keçirilən mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis matça istədikləri kimi başladıqlarını, amma cüzi diqqətsizlikdən qol buraxdıqlarını bildirib: "Hər iki komandanın hücumları oldu. İstədiyimiz sonluğu gətirə bilmədik. Bəzi futbolçularımız tam formasında deyil, itkilərimiz var. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq".
O, yeni transfer Səid Rzanın çıxışını dəyərləndirib: "Onu məndən başqa kim bəyənə bilər ki? Başqa seçimimiz olmadığı üçün Səidi oynadırıq. Hələ tam formasında deyil, epizoda girir, qaçır. Peyman Babayi də ilk gələndə bir az eniş yaşadı, amma sonradan qollar vurdu. Səiddə nəsə görüb çağırmışıq. Ola bilməz ki, effekt verməsin. Hər transfer uğurlu alınacaq deyə bir şey yoxdur. Futboldur, Səidə ümidimiz böyükdür".
Abbasov komandasının sonadək mübarizə apardığını söyləyib: "Biz digər klublara nisbətən az istirahət etdik. Bu sözümü yozdular, bizi İngiltərə klubları ilə müqayisə etdilər. Bu gün meydanda oyunçuların yorulduğunu gördüm. Hücumların sonunu gətirə bilmədik. Hər dəfə eyni səviyyədə oynamaq olmur. Ötən il 4-5 oyun uda bilmirdik, amma sonradan digər komandalara çatdıq. Futbolda eniş də olur".