Ayxan Abbasov: "Çempionatın səviyyəsinin artması üçün yaxşı futbolçular olmalıdır"

Ayxan Abbasov: "Çempionatın səviyyəsinin artması üçün yaxşı futbolçular olmalıdır" "Çempionatın səviyyəsi və komanda sayı ayrı-ayrı mövzudur"
Futbol
23 Aprel , 2021 18:25
Ayxan Abbasov: Çempionatın səviyyəsinin artması üçün yaxşı futbolçular olmalıdır
Ayxan Abbasov

"Çempionatın səviyyəsi və komanda sayı ayrı-ayrı mövzudur. Premyer Liqada 8 komandayıq və "səviyyəmiz aşağıdır" fikri ilə razı deyiləm".

Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komanda sayının artması intriqanın çoxalması anlamına gəlməyə bilər: "Bu mövzu ilə bağlı mübahisə edə bilərik. Məsələn, bizim çempionatda 10, 12 və 14 komandanın yer aldığı vaxtlar olub. Elə komandalar var idi ki, güclə oyuna çıxırdılar. Büdcələri çox aşağı olurdu, problemləri var idi. "Neftçi", "Qarabağ" və "Xəzər Lənkəran" kimi komandalar onlar üzərində rahatlıqla 6-7 top fərqi ilə qələbə qazanırdılar. Burada sayı çox olan elə komandalardansa, 8-10 komanda olsun, amma mübarizə apara bilsinlər. Bu gün "Neftçi" və "Qarabağ" rəqiblərə qarşı çətinlik çəkirsə, deməli, mübarizə var".

Abbasovun sözlərinə görə, 2-3 əvvəl Azərbaycanda daha səviyyəli futbolçular çıxış edib: "Bu, tam başqa mövzudur. Həmin vaxt klubların maddi durumu yaxşı idi. Məsələn, ölkə çempionu "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovunu qeyd edə bilərəm. O çıxış edəndə "Qarabağ" necə mübarizə aparırdı? Digər yaxşı futbolçular da olub. Miçel, Riçard Almeyda və s. "Neftçi"də də yaxşı futbolçular olub. Çempionatın səviyyəsinin artması üçün yaxşı futbolçular olmalıdır. Digər komandalar da yaxşı oyunçular transfer etməlidir. Amma bu gün Azərbaycan reallığı ilə götürsək, məncə, Premyer Liqamız pis deyil. "Qarabağ" avrokuboklarda hər il qrup mərhələsinə düşür. Digər komandalarımız çalışırlar ki, hansısa nəticə əldə etsinlər. Bundan daha yaxşı ola bilərmi? Bəli. Daha yaxşı olmaq üçün də çalışmaq və düzgün işləmək lazımdır. Amma çempionatın səviyyəsi bugünkü reallığa və klubların maddi durumlarına görə normaldır".

Mütəxəssis mövsüm ərzində bir komanda ilə daha çox qarşılaşdıqlarını xatırladıb: "Eyni komanda ilə 4 dəfə qarşılaşmaq çətindir. Rəqiblər bir-birini yaxşı tanıyır, qollu oyunlar azdır. Hansısa hücumçunu alırsınız, o oynadığı ölkədə 15-16 qolla bombardir olur. Gəlir bizim çempionatda 2-3 qol vurur. Bu o demək deyil ki, həmin futbolçu zəifdir. Bizim çempionatda oynamaq və qol vurmaq çətindir. Çox oyunlarda az qol vurulur. Komandalar bir-birinə artıq bələddir".

Baş məşqçi xüsusən bölgələrdə komanda sayının çox olmasını istədiklərini diqqətə çatdırıb: "Məncə, bölgələr futbol üçün darıxıblar. Oradakı ab-hava və azarkeşlər tamam başqa idi. Tovuz, Lənkəran, Zaqatala və Gəncəyə gedəndə tam başqa ab-hava olurdu. "Kəpəz"də kiçik büdcə var idi, amma onlardan xal almaq çox çətin idi. Klubların sayı artacaqsa, onlar maddi cəhətdən yaxşı təmin olunmalıdır ki, çempionatda çox axsamasınlar. Tez uyğunlaşmaq üçün düzgün məşqçi seçimi, futbolçular və işlər görmək lazımdır. İndiki çempionatda son pillələrdə 3 komanda yer alıb. Bu o deməkdir ki, klublar bir-birilərinə yaxındır. Çempionluq yarışında və 3-4-cü yer uğrunda iki komanda yarışır. Komandalarımız gücü də bərabərdir. Bu, geniş mövzudur və hərənin öz fikri var. Hamısına da hörmət edirik. Reallıq budur ki, bugünkü durumda çempionat pis deyil".

Son xəbərlər

Orphus sistemi