Ayxan Abbasov: "Finala çıxmaq bizim üçün böyük uğurdur"

Ayxan Abbasov: "Finala çıxmaq bizim üçün böyük uğurdur" Önəmli oyun idi. Finala çıxmaq uğrunda mübarizə gedirdi. "Qarabağ" asan rəqib deyil
Futbol
29 Aprel , 2021 20:04
Ayxan Abbasov: Finala çıxmaq bizim üçün böyük uğurdur
Ayxan Abbasov

"Önəmli oyun idi. Finala çıxmaq uğrunda mübarizə gedirdi. "Qarabağ" asan rəqib deyil. Sevincliyik, bu, bizim üçün uğurdur. İki cəbhədə vuruşmaq məcburiyyətində idik. Kubokdan əlimizi üzməmişdik. Bu gün komanda ruhu özünü göstərdi. Düzgün oynadıq. Rəqibə 1-2 real qol epizodu verdik. Azarkeşlərimizi, komandamızı təbrik edirəm. Çempionat, mübarizə davam edir. Bu, bizim üçün son deyil. Uğurlu sonluğa çalışacağıq. Biz buna layiqik".

"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qarabağ"ı məğlub etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bu, onun üçün böyük qələbədir: "Oyunun stressinə görə tək qalmaq istədim. Sakit olmağımda başqa səbəb yoxdur. Planımız uduzmamaq idi. Bilirdik ki, bir qol bizi finala daşıya bilər. Epizodlarımız da oldu. Belə məqamda 120 dəqiqə oynamaq əlavə yüklənmə idi. Oyunu penaltilər seriyasınadək saxlayıb, şansımızı sınamaq istəyirdik".

Abbasov gənc qapıçıları Aydın Bayramovun çıxışına da toxunub: "Premyer Liqada ən çox oyun keçirən ikinci qolkiper Bayramovdur. Hər iki qapıçımıza güvənirik. Yığma üzvləridir. Aydına demişdim ki, finala çıxsaq, orada da şans qazanacaqsan".

Baş məşqçi Elvin Məmmədovun 11 metrlik cərimə zərbəsini boşa verdiyi zaman keçirdiyi hissləri də dilə gətirib: "Penaltilər seriyasında istədiyimiz futbolçuları meydançada saxlaya bilmədik. Bu gün zərbəni Elvin qaçırdı. Məğlub da ola bilərdik. Bayramov məşqlərdə də özünü yaxşı göstərir. İnanırdıq ki, bizə kömək edəcək. Qapıçı məşqçisi penaltilərdən öncə lazımı tapşırıqları vermişdi. Ondan sonra qolkiperə nəsə desək, başqa nəticə verə bilərdi".

Əli Qurbaninin zədələndiyi epizodu şərh edən mütəxəssis hücumçunun zədəsinin ciddi olmadığını deyib: "Topu qəbul edəndə ayağında ağrı olub. Mən də səhv qərar verdiyini gördüm. Ümid edirik ki, zədəsi ciddi deyil və finalda oynayacaq".

Abbasov "Finalda hansı komanda ilə qarşılaşmaq istərdiniz" sualına belə cavab verib: "Rəqibimiz axşam bilinəcək. Hansısa rəqibin adını çəksəm, düz çıxmaz. Kim layiqdirsə, o da finala qalsın".

Son xəbərlər

Orphus sistemi