Ayxan Abbasov: "Mənə 100 hücumçu göndərməyiblər ki, seçim edim"

Ayxan Abbasov: "Mənə 100 hücumçu göndərməyiblər ki, seçim edim" "Komandamı təbrik edirəm. Azarkeşlərə isə təşəkkürümü bildirirəm. Bu gün dəstəyə ehtiyacımız var idi. Çempionatın önəmli yerindəyik. Xal itirməklə rəqiblərdən uzaqlaşa bilərdik".
Futbol
31 Oktyabr , 2021 20:53
Ayxan Abbasov: Mənə 100 hücumçu göndərməyiblər ki, seçim edim

"Komandamı təbrik edirəm. Azarkeşlərə isə təşəkkürümü bildirirəm. Bu gün dəstəyə ehtiyacımız var idi. Çempionatın önəmli yerindəyik. Xal itirməklə rəqiblərdən uzaqlaşa bilərdik".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın IX tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, sonluqdan asılı olmayaraq, futbolçularının arxasındadır: "Burada olduğum illərdə çox ilklərə imza atmışıq. Biz bunu ilk növbədə futbolçulara borcluyuq. Çalışacağıq ki, daha yaxşı olaq. Sona qədər mübarizə aparacağıq. İnanırıq və mübarizəmizə davam edəcəyik. Rəqibi də təbrik etməliyik. Aftandil Hacıyevin işi çox çətindir. "Səbail" "Qarabağ"ı udub, buraya gəlmişdi".

O, yeni transfer Səid Rzanın "Sumqayıt"da qol hesabını açmasına da toxunub: "Sistemdə bəzi dəyişikliklər etmişdik. Oyuna iki hücumçu ilə başlamaq istədik. Rəqibin üstünlük yaratmasına imkan vermədik. Səid yeni gəlib, uyğunlaşması üçün vaxt lazımdır. Potensialı var. Mənə 100 hücumçu göndərməyiblər ki, seçim edim. İmkanlara uyğun futbolçu gətiririk. Səid qol vuraraq, azarkeşləri coşdurdu".

Abbasov iki hücumçu ilə oynamalarının səbəbini bu cür izah edib: "Ötən il də bu sistemlə oynadığımız oyunlar olub. Bilirsiniz ki, çempionatda az qol vuran komandalardanıq. Bundan əlavə, bu gün mütləq 3 xal qazanmalıydıq. İstəyirdim ki, iki hücumçuyla rəqibin müdafiəsini təzyiq altında saxlayaq".

"Səbail"lə matçda gənc qapıçı Tərlan Əhmədliyə şans verən mütəxəssis əsas qolkiper olan Aydın Bayramovun istirahətə ehtiyacı olduğunu söyləyib: "Tərlana şans verməyi düşünürdüm. Aydın gənc qapıçıdır, milliyə düşdü. Bu yerə çatmaq üçün çox əziyyət çəkib. Mənim ona inancım 100 faizdir. Hərdən istirahət etməli, rəqabəti duymalıdır. Tərlana da güvənirəm. Futbolçularım milliyə getsə də, oynayan oyunçu sayı azdır. Aydın yığmaya çağırılsa da, oynamır. Bu, bizə çətinlik yaradır. Bəzi mövqelər var ki, rotasiya edə bilmirik. Bu gün Vurğun Hüseynov da uzun müddətdən sonra meydana çıxdı. Həmçinin Roman Hüseynov. Hərdən "Sumqayıt" haqqında danışanda cəmi 2-3 futbolçudan söz açılır. Amma digər futbolçular da var. İnanıram ki, Tərlan da milli komandaya düşəcək".

Abbasov növbəti turda "Qarabağ"a qarşı keçirəcəkləri matça da toxunub: "Ağdam klubu indi daha güclüdür. Səhv etmirəmsə, çempionatın 5-6 turunda ehtiyat qüvvəylə oynayıb. Yaxşı formadadırlar. Oyuna ciddi hazırlaşacağıq. Rəqibi təhlil edəcəyik. İtkilərimiz var. Elvin Bədəlov üçün mövsüm bitib. Murad Xaçayevə ağır cəza verilib. Təhqir etmək 4 oyundur, toxunmaq 5. Bununla bağlı şikayət etmişik. Bizə düşən odur ki, çalışaq. İnanıram ki, yaxşı olacaq".

Baş məşqçi "Hakimlikdən razı qaldınız" sualına belə cavab verib: "Mən hər zaman olanı deyirəm. Bəzi şeylər var ki, yəqin, onu qəbul etmirlər. Hakim xoşuma gəldi, imkan verdi ki, oynayaq. Qırmızı vərəqə epizoduna baxmaq lazımdır. Səhvlər ola bilər. Belə cavan hakimlər səhv etsələr, başa düşmək olar. Amma təcrübəli hakimlərin səhvlərini adam qəbul edə bilmir. Gəlib hakimlərə baxsınlar, alınmırsa, sənədlərini verib göndərsinlər. Mən kimisə təhqir etmirəm. Mən də qocalanda getməyimlə bağlı məsləhət versələr, gedərəm".

Son xəbərlər

Orphus sistemi