Ayxan Abbasov: "Referi "Sumqayıt"ın uduzması üçün hər şeyi etdi"

Ayxan Abbasov: "Referi "Sumqayıt"ın uduzması üçün hər şeyi etdi" "Oyun haqqında danışılası nəsə yoxdur. Komanda bir həftə ərzində matça hazırlaşır, gecə-gündüz əziyyət çəkir. İlk dəqiqələrdə qırmızı vərəqə verilməsi, komandanın oyununu pozur".
Futbol
23 Oktyabr , 2021 18:25
Ayxan Abbasov: Referi Sumqayıtın uduzması üçün hər şeyi etdi

"Oyun haqqında danışılası nəsə yoxdur. Komanda bir həftə ərzində matça hazırlaşır, gecə-gündüz əziyyət çəkir. İlk dəqiqələrdə qırmızı vərəqə verilməsi, komandanın oyununu pozur".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Sabah"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın VIII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis futbolçusu Murad Xaçayevin 11-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulmasını müəmmalı qərar adlandırıb: "Epizoda baxdıq, Murad hakimə etirazını bildirə bilər. Amma başqa heç nə etmədi. Baş hakim İnqilab Məmmədov "Sumqayıt"ın uduzması üçün hər şeyi etdi. Yəqin indi sevinir. İnsanların haqqına belə girmək olmaz".

Abbasov futbolçuların sonadək mübarizə apardığını söyləyib: "Bəlkə də, Tellur Mütəllimov ikinci hissənin əvvəlində qol vursaydıq, fərqli şeylər olardı. Məşqçilik çətin sənətdir. Hərdən adam bu peşəni seçdiyi üçün peşman olur. Düşünür ki, bacarmadım. Bu gün işimə nifrət etdim. Niyə hakimin səhvini deyə bilmirik? Nə üçün? Bəs, biz necə inkişaf edəcəyik? Referi gəlib desin ki, qərar tam düzgündür. İlk 10-15-ci dəqiqədə belə "qırmızı" vermirlər. Hakim oyuna nəzarət etməlidir. Onlar baxmırlar xarici matçlara? Belə hakimlər özlərinə başqa sənət tapsınlar. Reqlament hakimlər haqqında danışmağa icazə vermir. Amma Məmmədov 11-ci dəqiqədə oyunu bitirdi".

"Sabah"ın məşqçisi İlkin Hüseynov isə oyunla bağlı bunları deyib: "Çox danışmaq istəmirəm. Komandam sona qədər mübarizə apardı. Rəqib oyunun ilk dəqiqələrində azlıqda qaldı. Qələbə xoş oldu. Çoxdandır bunu gözləyirdik. Hazırlıq planı həftənin əvvəlində Ramin Quliyevin göstərişləri üzrə hazırlanmışdı. İki gün əvvəl komandadan ayrıldı, biz işimizə davam etdik, futbolçuları oyuna hazırladıq".

O, klubun idman direktoru İqor Ponomaryovun texniki zonada yer almasının səbəbini də açıqlayıb: "Ponomaryov komandanın bütün futbolçularını tanıyır və təcrübəlidir. Burada hamı bir yerdə çalışır".

Son xəbərlər

Orphus sistemi