“Monteneqro və Malta milliləri bizimlə eyni gücdə olan komandalardır. Məqsədimiz bu oyunlardan qalib ayrılmaq idi. Monteneqro ilə matçda səhvlər buraxdıq və nəticədə 0:2 hesabı ilə məğlub olduq".
"Report"un məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Bakıda Maltaya 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis ilk hissədə yaxşı oynadıqlarını bildirib: "Təəssüf ki, istədiyimiz qolu vura bilmədik. Fasilədən sonra səhv etdik və qapımıza penalti təyin edildi. Qoldan sonra oyunda dönüş yaratmaq çox çətindir. Çünki komanda ruhdan, oyundan düşür".
Əsgərov vaxt azaldıqca sistemdə bəzi dəyişikliklər etdiklərini söyləyib: "Bundan sonra komandam daha çox hücum etməyə başladı. Rəqib müdafiədəki boşluqdan istifadə edib ikinci qolu vurdu. İkinci qoldan dərhal sonra hesab arasındakı fərqi azaltmağa müvəffəq olduq. Təəssüf ki, ikinci qolu vurmaq üçün vaxt çatmadı. Oyunun son dəqiqələrində yüz faizlik qol imkanını boşa verdik”.
Malta yığmasının baş məşqçisi Mark Antoni Qatt isə hər iki komandanın ifasında rəqabətli oyun izlədiklərini vurğulayıb: "Qələbə qazanmaq istəyirdik. Bizim üçün çox çətin oyun oldu. Bununla belə, qalib gəlməyi bacardıq".