Azərbaycan yığmasının futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının püşkünün nəticəsini dəyərləndirib.
24 yaşlı hücumçu "Report"a açıqlamasında turnirdə son 3 tsikldə ən çətin qrupa düşdüklərini bildirib.
Onun sözlərinə görə, hazırda asan qrup yox, yığmanın gücünə uyğun komandalar var: "İndi hər rəqibə qarşı oynamaq olur. Əvvəlki rəqiblər daha münasib idi. Nədənsə insanlar deyirlər ki, ən ideal qrup birinci idi. Açığı, bunu başa düşmürəm. Kosovo yeni yaranmış ölkə olsa da, futbolçularının harada oynamasından, yəqin, xəbərləri yoxdur. “Legiya”da Lirim Kostrati adında Kosovadan olan otaq yoldaşım var. Varşava klubuna Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından gəlib. Kosovodan tanıdığım futbolçular var ki, aşağı yaşlarında Almaniyanın U-17, U-19 yığmalarında oynayıblar. FIFA reytinqində aşağı sıralarda olsalar da, çox keyfiyyətli futbolçuları var. Kosovoya məğlubiyyəti niyə özümüzə sığışdırmadığımızı başa düşmürəm. Bu yığma bir neçə ildən sonra Serbiyadan heç də geri qalan kollektiv olmayacaq. Daha sonra Monteneqro və Lüksemburq gəldi. Sonunculara milli komanda kimi böyük simpatiyam var. Baxımlı futbol oynayırlar. Ölkə ilə bağlı problem olsa da, müharibə dövründə erməniləri dəstəkləsələr də, sırf idman baxımından yaxşı futbol sərgiləyirlər. İndi səhvlərimizi ümumi dəyərləndirmək istəməzdim".
Polşanın "Legiya" klubunda çıxış edən forvard millinin baş məşqçi Canni De Byazinin postunda qaldığını xatırladıb:"Onun nə tələb etdiyini, beynində olanları bilirik. Fikrimcə, bu dəfə nəticələrimizi və oyunumuzu daha da yaxşılaşdıracağıq. Millidə qaçmasan, nəticə əldə etmək çətindir. Hamımız “Qarabağ”ın uğurlu çıxış etdiyini deyirik. Bu komandanın artıq oturmuş sistemi var. Ora uyğun futbolçuları qoyanda istər-istəməz oynamağa başlayırlar. Yığmada da eyni sistem olmalıdır. Hər il fərqli heyətlərlə oynayırıq. De Byazi gələndən sonra beşli sistemə keçmişik. İstəyirik ki, dərhal nəticə qazanaq. 2 ildə nə isə mümkün deyil. Bu, bütün sahələrdə belədir. Ümid edirəm ki, bu il daha yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi ilə üz-üzə gələcək.