Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.
Günün yeganə matçı "Bakcell Arena"da "Neftçi" və "Zirə" komandaları arasında olacaq. Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edən "ağ-qaralar" 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Rəqibindən 1 xal çox toplayan "qartallar" isə 2-ci sırada yer alıblar.
İndiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlmiş komandaların duelində meydan sahibləri 4, qonaqlar isə 10 qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə bitib. Topların fərqi də qəsəbə təmsilçisinin xeyirinədir - 22:18. Son 6 oyunda qonaq olan komanda qələbə qazanmayıb. “Neftçi” ardıcıl 6 ev matçında qol vurub.
Bu günə nəzərdə tutulan "Sumqayıt" - "Qəbələ" matçı isə qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.
28 noyabr (şənbə)
Azərbaycan Premyer Liqası
XI tur
16:00. "Neftçi" – "Zirə"
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”.
Qeyd edək ki, turun "Keşlə" - "Sabah" və "Səbail" - "Qarabağ" oyunları noyabrın 29-da keçiriləcək.